“Sağlam gəncliklə sağlam gələcəyə doğru”
Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin formalaşmasında mühüm amildir. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını xüsusilə vurğulamaq lazımdır. Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal problem kimi bəşəriyyətin qarşısında durmaqdadır. Təəssüf ki, bu problem ölkəmizdən də yan keçməmişdir. Sürətlə inkişaf edən Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü dövlətçilik siyasətində narkomaniyaya qarşı mübarizə tədbirləri də günün vacib məsələlərindəndir. Bu məqsədlə qəbul edilmiş bir çox Dövlət proqramlarında narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda narkomanlıqla mübarizənin əsası ilk dəfə olaraq, ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 Avqust tarixli Fərmanı ilə qoyulmuşdur. Sonrakı illərdə də narkomanlığa qarşı bir çox Dövlət Proqramları həyata keçirilmişdir. Bu proqramlar narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsi baxımından mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət proqramlarının həyata keçirilməsində məqsəd gənclərin sağlam həyat tərzinə cəlb olunması,zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır.
Respublikanın hər yerində olduğu kimi, Xəzər rayonunda da il ərzində narkomaniyaya qarşı mübarizəyə dair mütəmadi tədbirlər keçirilir. Sağlam həyat tərzinin təbliğ olunması, uşaq,yeniyetmə və gənclərin idmana olan marağını artırmaq məqsədi ilə 17 fevral 2019-cu il tarixdə Şağan Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Xəzər Rayon İcra Hakimiyyəti, rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə cüdo idman növü üzrə Xəzər rayon açıq turniri, 6 aprel 2019-cu il tarixdə Şüvəlan qəsəbəsindəki istirahət parkında 6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü çərçivəsində “Gənclərin sağlamlıq festivalı”, 21 iyun 2019-cu il tarixdə Abşeron Binə Peşə Liseyində “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.5 bəndinin icrasını həyata keçirmək məqsədilə, 26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir, 23 oktyabr 2019-ci il tarixdə rayon Gənclər Evində Xəzər rayon məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələri, 10 noyabr 2019-cu il tarixdə Şağan Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə son” devizi altında Kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında
Xəzər rayon açıq turniri, 2 dekabr 2019-cu il tarixdə 156 №li tam orta məktəbdə 1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş və “Narkomaniya ilə mübarizə” mövzusunda maarifləndirici filmin təqdimatı və digər tədbirlər keçirilmişdir.
Rayon Polis idarəsi il ərzində narkomaniyaya və digər zərəli vərdişlərə qarşı mübarizə mövzusunda orta ümumtəhsil məktəblərinin yuxari sinif şagirdləri ilə görüşlər təşkil etmişdir. Keçirilən görüşlərdə narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurması, sosial-iqtisadi inkişafa mənfi təsir göstərməsi, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğu qeyd olunmuş,şagirdləri düşündürən suallar ətraflı şəkildə cavablandırılmışdır.
Rayonumuzda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə 2020-ci ildə də izah işlərinin aparılması nəzərdə tutulmuşdur.
Elşən Qurbanov,
Xəzər Rayon Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri

