Region Xəbərləri 

Şabran rayonunun Qorğan kəndinə təbii qaz verilib

ARANTV.AZ xəbər verir ki, regionların sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq əhalinin mavi yanacaqla tam təmin olunması prosesi uğurla icra olunur. Proqram çərçivəsində Şabran rayonunun Qorqan kəndinə də təbii qaz verilib. Rayonun Sumağava Qazma kəndinin qazlaşdırılması istiqamətində isə işlər yekunlaşdırılıb və istismara qəbul mərhələsindədir. Tezliklə həmin yaşayış məntəqəsi də təbii qazla təmin ediləcək.

Artıq Şabran rayonunun Qorğan kəndinin sakinləri də rahat və  fasiləsiz istilik enerjisindən istifadə edə biləcəklər. 101 abonenti olan Qorğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1941 metr polietilen boru ilə daşıyıcı, 10 min 521 metr müxtəlif diametrli metal borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Prezident İlham Əliyevin  “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamına uyğun olaraq cari ildə Qubanın Ərməki, Güney məhəllə, Qusarın Piral, Cibir, Xaçmazın Krasnıy Xutor, Məcidoba, Şabranın Sumağa qazmalar, Qorğan, Siyəzən rayonunun isə Qalaaltı və Qozağacı kəndlərində qazlaşdırma işləri yekunlaşacaq. İlkin mərhələdə 10 kənddən 7-də tikinti-quraşdırma prosesinə start verilib.

Daha çox xəbərlər