Dövlət başçısının göstəriş və tapşırıqlarına əsasən, Bakıda abadlıq-quruculuq işləri davam etdirilir
ARANTV.AZ xəbər verir ki, son günlər paytaxtda qeyri-qanuni tikintilərin sökülməsi və zəbt olunan ərazilərin təyinatı üzrə istifadəyə geri qaytarılması istiqamətində işlər geniş vüsət alıb. Paytaxtın Nərimanov rayonunda da qanunsuz tikintilərin, həmçinin zəbt olunan sahələrin hasar və divarları sökülür.
Yaşayış binalarına bitişik ərazilər, yaşıllıq zolaqları, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulan yerlər qeyri-qanuni olaraq inşa edilən müxtəlif təyinatlı tikili və obyektlərdən təmizlənir.
Son illər rayon ərazisində müxtəlif parklar, həmçinin bir sıra binaların qarşısında 30-dan çox yeni abad məhəllə salınıb. Həyətyanı sahələrdə sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Rayonun bir sıra küçə və prospektində yerləşən binalara tarixiliyini saxlamaqla müasir görkəm verilir.
Xətai rayonunda da əhalinin asudə vaxtının səmərəli təşkili, yeni abad məhəllələrin tikilməsi, binaların fasadların üzlənməsi istiqamətində müxtəlif layihələr həyata keçirilir. Son illər rayon ərazisində 70-ə yaxın abad həyət yenidən qurulub, 30 abad məhəllə salınıb. Bununla yanaşı, səkillərin yenidən qurulması, yaşıllıq örtüklərinin salınması, tarixi binaların qədimliyi saxlanılmaqla müasir görkəmə gətirilməsi görülən işlər sırasındadır.
Qeyri-qanuni tikintilərin sökülməsi və zəbt olunan ərazilərin təyinatı üzrə istifadəyə geri qaytarılması istiqamətində də işlər davam etdirilir. Artıq rayonun bir sıra küçələrində qanunsuz tikintilər, həmçinin zəbt olunan ərazilərdə hasarlar tamamilə sökülüb. Bununla bağlı mütamadi reydlər də aparılır.
Abadlıq layihələri çərçivəsində rayon ərazisində iməcliklər də keçirilir. Sakinlərin iştirakı ilə baş tutan iməciliklərdə ərazilər zibilliklərdən təmizlənir, ağaclara lazımı qulluq göstərilir
Paytaxtın Qaradağ rayonunda da qəsəbədaxili yollar təmir edilir. Təkcə Lökbatan qəsəbəsində son vaxtlar 20 min kvadratmetrdən çox yola asfalt döşənib. Qəsəbənin bütün məhəllələrində əhalinin sosial qayğılarının həlli və asudə vaxtının səmərəli təşkili üçün davamlı iş aparılır. Mərkəzi küçələrdə işıqlandırma sistemi yenilənir, yol boyu yaşıllıq zolaqları genişləndirilir. Qəsəbənin İntiqam Əliyev küçəsində yeni abad məhəllə salınır. Abadlıq işləri ümumilikdə, 1500 kvadratmetr ərazini əhatə edir. Ərazidə 500 ağacın və mindən çox gül kolunun əkilməsi nəzərdə tutulur. Daha bir abad məhəllə isə Sahil qəsəbəsində-Əlyar Gülbalayev küçəsində salınır. 2 min 2 yüz kvadratmetrlik ərazi tullantılardan təmizlənərək abadlaşdırılır. Rayonun Qızıldaş qəsəbəsində isə 180 saylı orta məktəb əsaslı təmir edilir. 2 mərtəbədən, 3 korpusdan ibarət təhsil müəssisəsi 1400 şagird yerlikdir.

