2003-cü ildən bu günədək Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb
2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir.
Bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib.
Ölkəmizin başçısı deyib: “Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artıb. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatıb. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşüb. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünüb. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq”.

