Gündəm 

Prezident İlham Əliyev: Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır

Emal sənayesi tərəvəzçilikdə çox aşağıdır. Biz tərəvəzi yığırıq, özümüz istehlak və ixrac edirik. Yaxşıdır, amma emal olunmalıdır. Misal üçün, bizdə keçən il tərəvəzçilikdə ixrac 243 milyon dollar olubdur. Bunun 190 milyon dolları pomidor ixracı idi və pomidor ixracı 7 faiz artıbdır. Ancaq əgər kifayət qədər tomat pastası zavodu olsa, daha da böyük qiymətə satıla bilər. Özü də bütün bazarlarda tələb olunan məhsuldur. Sahibkarlar buna diqqət yetirməlidirlər.

Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

“Mən bu rəqəmləri, Azərbaycanın özünütəminetmə əmsalını müntəzəm olaraq səsləndirirəm ki, harada boşluqlar var, yerli sahibkarlar bu boşluqları doldursunlar. Ancaq mən bir qədər passivlik görürəm. Ona görə dövlət orqanları gərək sahibkarları tərpətsinlər, özləri də təşəbbüs göstərsinlər. Xüsusilə nəzərə alsaq ki, dövlət bütün şəraiti yaradıb və bütün sərgiləri keçirir, sahibkarları xaricə aparır. İndi biz şərab ixracını artırmışıq, nəyin hesabına? Dövlətin səyləri hesabına. Çünki dövlət xətti ilə, dövlətin hesabına beynəlxalq sərgilərdə iştirak təmin olunub, orada kontraktlar bağlanıb. Axı, sahibkar özü bunu etmir”, – deyə dövlətimizin başçısı bildirib.

Daha çox xəbərlər