21 fevral Beynəlxalq Ana Dili Günüdür!
Ana dili: Hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsü
Məlum olduğu kimi, UNESKO-nun Baş konfransında qəbul edilən qərara əsasən, 2000-ci ildən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məqsəd hər bir xalqın varlığının, kimliyinin təqdimatı kimi dəyərləndirilən dili qorumaq, onun əhəmiyyətini bir daha təhlil etmək, bugünkü və gələcək nəsillərə çatdırmaqdır. Hər bir tədbirin, hadisənin, ən əsası xüsusi günün mahiyyətinə, əhəmiyyətinə xüsusi önəm verən ölkəmizdə də bu tarixi gün yüksək səviyyədə qeyd olunur, ana dilimizin qorunmasının və zənginləşdirilməsinin dövlət siyasətinin əsası olduğu əsaslı şəkildə diqqətə çatdırılır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.” Bu fikirlərin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir.
Dil, xalq və dövlət anlayışları bütün dövrlərdə öz aktuallığını qoruyur. Əbəs yerə deyilmir ki, bir milləti, xalqı məhv etmək istəyirsənsə, onun dilini əlindən al. Belə bir tezis də daim önə çəkilir ki, xalqı onun dili, dövləti isə onun xalqı yaşadır. Məhz bu vəhdətlik fonunda hər bir dövlət, xalq öz varlığını qorumaq, dünya birliyində layiqli yer tutmaq üçün strategiyasına uyğun siyasət həyata keçirir. Bir sözlə, ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür.
Ümummilli lider Heydər Əliyev daim gənclərə çağırış edərkən bildirirdi ki, hər bir gənc tariximizi, ədəbiyyatımızı, dilimizi yaxşı öyrənməli, qorumalı, özündən sonrakı nəslə çatdırmalıdır. Son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi qeyd olunan istiqamətlərdə mühüm addımların atılmasına, ən əsası dilimizin, milli-mənəvi dəyərlərimizin, çoxəsrlik zəngin tariximizin təbliğinə böyük töhfələr verdi. Cənab İlham Əliyevin məhz “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı imzalaması dilimizin qorunmasının prioritetliyini, dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha təsdiqlədi.
Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət hakimiyyətinin hər iki dövründə dilimizin qorunması istiqamətində davamlı tədbirlər həyata keçirib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dili öz inkişafında yeni mərhələyə qədəm qoydu. Xronologiyaya diqqət yetirək. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızla dövlət dilinin adı bərpa edildi. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman əsasında həmin ilin avqustun 1-dən Azərbaycanda bütün nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanda qeyd olunduğu kimi, latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmağa başladı. Son 16 ildə bu sahədə atılan addımlar elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı, onların qarşısında bir sıra həllivacib vəzifələr qoyur. Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsinə xidmət edən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqlənməsi, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın imzalanması ana dilimizin qorunmasına və inkişafına geniş yol açdı. Azərbaycan dilinin istifadəsi və tədqiqinə dövlət qayğısının artırılması, ana dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi daim günümüzün əsas çağırışlarından olacaq. Prezident İlham Əliyevin fikirlərinə istinad etsək, “bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.
Yeganə Əliyeva, “İki sahil”

