Qəbələli gənc fəallar tənha yaşayan ahıl vətəndaşlara gigiyenik vasitələr çatdırıblar
Qəbələli könüllülər Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya qoşulublar.
ARANTV.AZ xəbər verir ki, aksiya çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının fəal gəncləri rayonda yaşayan 65 yaşdan yuxarı tənha insanların evlərinə baş çəkib, onların problemləri ilə maraqlanıblar. Könüllülər ahıl vətəndaşlara koronavirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə tibbi spirt, maska, əlcək və digər gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər.
Sakinlər bu nəcib aksiyaya görə gənclərə minnətdarlıqlarını bildiriblər.
Aksiya çərçivəsində tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

AZƏRTAC

