Region Xəbərləri 

Lənkəran şəhərinin prospekt və küçələri dezinfeksiya olunur

Lənkəran rayonunda koronavirusla mübarizə tədbirləri gücləndirilib.

ARANTV.AZ  xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, eləcə də Lənkəran Şəhər İcra Hakimiyyətinin tərtib etdiyi qrafikə əsasən gücləndirilmiş iş rejimində çalışan Gigiyena və Epidemiologiya Mərkəzinin Lənkəran şöbəsinin əməkdaşları ilə yanaşı, Rayon Mənzil İstismarı və Kommunal Müəssisələri, Yaşıllaşdırma və Mənzil Təsərrüfatı idarələrinin əməkdaşları da dezinfeksiya işlərinə cəlb olunublar. Onların birgə səyləri ilə şəhərin prospekt, küçə və xiyabanları, park və meydanları, çoxmənzilli yaşayış binalarının həyətləri, binaların girişləri və liftləri mütəmadi olaraq xüsusi dərman preparatları ilə yuyularaq dezinfeksiya edilir. Eyni zamanda, şəhərin prospekt və küçələri xüsusi ayrılmış avtomaşınlarla yuyularaq dezinfeksiya olunur.

Şəhər və kəndlərarası ictimai nəqliyyat vasitələri də gündəlik dezinfeksiyadan sonra xəttə buraxılır.

Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı, Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yerli sakinlərlə mütəmadi olaraq Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tövsiyələri əsasında koronavirus xəstəliyinin simptomları və onun yayılmasının qarşısının alınması yollarına dair maarifləndirmə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.

Qeyd edək ki, Lənkəran rayonunda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək.AZƏRTAC

Daha çox xəbərlər