Ağdamda xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycanda koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Ağdam rayonunda da davam etdirilir.
ARANTV.AZ xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyəti başçısı aparatı işçilərindən, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdən, bələdiyyələrdən və polis əməkdaşlarından ibarət yaradılmış mobil qruplar ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işini həyata keçirirlər.
Xüsusi karantin rejiminin elan edilməsi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Yol Patrul və Post Patrul xidmətlərinin əməkdaşları tərəfindən rayonun girişlərində xüsusi təyinatlı, təcili tibbi yardım, qəza-bərpa, xilasedici, həmçinin yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücü və sərnişinləri, eyni zamanda, piyadalar yoxlanılır. Qeydiyyatda olduqları ünvan müəyyən olunduqdan sonra onlara rayona giriş-çıxışın mümkün olub-olmadığı bildirilir.

