Gündəm 

Koronavirusla mübarizənin mükəmməl Azərbaycan modeli

Yer kürəsini bürümüş koronavirusla əlaqədar Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin əsas məqsədi vətəndaşların sağlamlığının, təhlükəsizliyinin və rifahınıın təmin edilməsinə nail omaqdır. Bu məqsədlə həyata keçirilən tədbirlər uğurla davam etdirirlir. Pandemiyanın ilk günlərindən dövlət mexanizmi çevik, operativ, fasiləsiz və ahəngdar işlədi, Azərbaycan hökuməti ən doğru və gərəkli addımları atdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət qurumlarının fəaliyyətinin yenidən qurulması, onların əlaqəli və operativ işlərinin təşkili koronavirusla mübarizənin uğurla aparılmasına əlverişli şərait yaratdı.

Ölkə başçısının COVID-19 ilə əlaqədar imzaladığı Fərman və sərəncamlar, martın 19-da Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və buraya Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manatın ayrılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, yeni açılan və 575 çarpayıdan ibarət olan “Yeni klinika” xəstəxanasının virusa yoluxan xəstələrin ixtiyarına verilməsi, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin fəaliyyətə başlaması, koronavirusla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi, pandemiya ilə mübarizə sahəsində həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə modul tipli 6 xəstəxananın quraşdırılması üçün 14,8 milyon manatın ayrılması dövlət başçısının koronavirus infeksiyasının qarşısının alınmasına və vətəndaşların sağlamlığının qorunmasına göstərdiyi diqqətin bariz nümunəsidir.

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev bu barədə deyib: “Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.

Dövlət və özəl sektor üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlərin aparılması, əmək müqavilələrinin sayında azalma deyil, əksinə artım olması, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi və təqribən 300 min fərdi sahibkara dəstək verilməsi Azərbaycanın pandemiyadan daha az zərərlə çıxmasına şərait yaradacaq.

Ölkə başçısının tapşırığı ilə bütün sahələrdə, ayrı-ayrı sektorlarda sahibkarlara dəyən ziyanlar və mənfi təsirlər aydınlaşdırılıb. Əsas məqsəd budur ki, sahibkarlar əməkhaqqı fondunu qoruyub saxlasınlar. Müəyyənləşdirilən ziyanı tam aradan qaldırmaq üçün dövlətin dəstək proqramlarının maliyyə həcmi 2,5 milyard manatdır. Bu, 2,5 milyard manatlıq dəstək sistemidir və Azərbaycanın ÜDM-nin 3 faizini təşkil edir. İqtisadiyyatın həcmi ilə müqayisədə nə MDB məkanında, nə də regionda bu məbləğdə dəstək paketi nəzərdə tutulmayıb.

Bu gün pandemiya ilə mübarizədə Azərbaycan hökuməti iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək genişmiqyaslı dəstək proqramlarını uğurla davam etdirir. Görülən tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, edilən güzəştlər hesabına ən çox mənfi təsir altında olan sahibkarlar və digər sferalar qorunsun. Bu güzəştlər ictimai iaşə və taksi operatorlarını da əhatə edir. Məsələn, Bakıda taksi operatorları 18 manat vergi və 62,5 manat sosial sığorta qismində ödəmələr edir. Onların vergi və sosial yükü ümumilikdə 80,5 manat təşkil edir. Aprelin 4-də edilmiş dəyişikliklərdən sonra bu şəxslər vergi qismində 9 manat, sosial sığorta qismində 30 manat ödəyəcək və ümumi vergi və sosial sığorta yükü 51,5 faiz, və ya 39 manat azalacaq:

Ekspertlər bildirirlər ki, pandemiyadan ən çox zərər çəkmiş sahələrdə işləyən sahibkarlıq subyektləri üçün bu cür vergi güzəştlərinin tətbiq olunması sərnişin daşımaları ilə məşğul olan təşkilat və fiziki şəxslər üçün real dəstək olacaq. Pandemiya dövründə ən çox zərər çəkmiş sahələrdən biri sərnişin daşımaları və avtomobil nəqliyyatı sektorudur. Əlbəttə, vergi və sosial güzəştlərin azaldılması bu sektora müsbət təsir göstərəcək. Güzəşt proqramı sərnişin daşımaları sahəsində rəqabətə təsir göstəməyəcək, eyni zamanda, dayanıqlılığa müsbət təsir göstərəcək və böhranın qarşısını alacaq.

Bir sözlə, vətəndaşlarımız əmindirlər ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, ölkəmizdə mövcud olan güclü xalq-dövlət birliyi, həmrəyliyi sayəsində Azərbaycan bu ağır və çətin sınaqdan müfəffəqiyyətlə çıxacaq.

Zahid Rza, “İki sahil”

Daha çox xəbərlər