Sosial 

Qoy, xoş əməllərin sayı artsın!

Pandemiyaya qarşı mübarizə ən böyük və ali keyfiyyətləri – mərhəməti, xeyirxahlığı, böyüklərə hörməti, kimsəsizlərə əl tutmağı və sair kimi amilləri özündə ehtiva edən tədbirlərin, əməllərin miqyasının genişləndirilməsini bir zərurətə çevirir

Dünyanı bürüyən pandemiya insanlar arasında birliyi, həmrəyliyi artırmaqla yanaşı, hər kəs üçün səciyyəvi olan insani dəyərləri də nümayiş etdirdi. Mərhəmət, xeyirxahlıq, kimsəsizlərə, ehtiyacı olanlara əl tutmaq, onlara maddi və mənəvi dəstək göstərmək, mövcud çəntinliklərə baxmayaraq ruh yüksəkliyi nümayiş etdirmək pandemiya dövründə özünü bir daha qabarıq şəkildə büruzə verir.

Öncə bu məqama diqqət çəkək ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən tətbiq olunan karantin rejiminin qaydalarında yaşı 65-dən yuxarı olan vətəndaşların evdə qalmasına xüsusi diqqət yetirildi və bu çağırış günümüzün əsas tələbinə çevrildi. Eyni zamanda, bu yaşda tənha yaşlılara sosial xidmətin göstərilməsinə başlanıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları öz missiyalarını uğurla yerinə yetirirlər. Ölkəmizdə könüllülük hərəkatının genişlənməsi üçün dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Sərəncam əsasında 2020-ci ilin ölkəmizdə “Könüllülər İli” elan olunmasının müsbət nəticələrini pandemiya dövründə gənclərimizin könullulük prinsipi əsasında atdığı addımlardan da aydın görürük. Belə ki, tənha yaşlılara sosial xidmətin göstərilməsində könüllülərimiz xüsusi fəallıq nümayiş etdirirlər.

Koronavirus infeksiyasının insanların sağamlığına təhdid olduğu, həmçinin iqtisadiyyata mənfi təsir göstərdiyi zamanlarda maddi imkanı zəif olan, həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olan ailələrə yardımların edilməsi diqqətdən kənarda qalmır. “Əl tutmaq Əlidən qalıb” prinsipini öndə saxlayan vətəndaşlarımız imkan daxilində ehtiyacı olanları sevindirir, onlarda bu birlik əsasında xoş ovqat yaradırlar. İnsanlarda mərhəmət hissinin artması, yalnız özünün deyil, ətrafının, qohum-qonşusunun, bir sözlə, hər bir Azərbaycan vətəndaşının “qazanının qaynamasına” çalışması bizlərə bir daha bu xatırlatmanı edir ki, dost dostunu çətin günündə tanıdığı kimi, az da olsa maddi imkanlara malik olan, ən əsası içində mərhəmət hissini qoruyan və onu əməlləri ilə daha da artırmağı özünə vətəndaşlıq borcu hesab edən insanlar imkansızın da bu çətinlikdən yaxşı əhval-ruhiyyə ilə çıxmasına səy göstərir.

Yazıya başlayarkən azərbaycanlılara xas mərhəmət, dostluq və yoldaşlıq, ahıllara, valideynlərə hörmət və ehtiram, dar ayaqda ətrafdakılarla əl-ələ verib çətinliyə sinə gərmək, imkansıza əl tutmaq və bu kimi əvəzsiz keyfiyyətlər barədə söhbət açmağı düşünürdüm. Amma yazını davam etdirdikcə dövlətimizin, ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu çətin günlərdə vətəndaşların yanında olmalarını, onların sosial müdafiəsinin gücləndirilməsi üçün göstərdikləri səyləri, atdıqları addımları xüsusi qeyd etməyi özümə vətəndaşlıq borcu bildim.

Dövlət hər zaman vətəndaşının yanındadır, onun maddi rifah halının yaxşılaşdırılması üçün zəruri olan bütün addımları atır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könullu qoşulanlara təşəkküründə əksini tapan “Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm… Qoy, xoş əməllərin sayı artsın!” fikirləri bir çağırışdır. Bu aksiyaya bütün strukturlar, idarə və müəssisələr, ayrı-ayrı kollektivlər, o cümlədən mətbuat nümayəndələri böyük ruh yüksəkliyi ilə qatılırlar.

Dövlətimizin başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına uyğun olaraq müxtəlif qurumların, təşkilatların, adi vətəndaşların, xüsusilə aztəminatlı ailələrə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdikləri sosial aksiyalar təqdirəlayiqdir, ölkə ictimaiyyətində böyük rəğbət hissi yaradır. Karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması, martın 1-dən etibarən əlillik müddəti başa çatan əliliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddətinin xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılması, əhaliyə güzəştli elektrik enerjisi limitinin artırılması, sosial baxımdan həssas əhali qrupuna daxil olan ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi və sair kimi məsələlər də dövlətin vətəndaşlarına diqqət və qayğısının nəticəsidir. Bir mühüm məqamı da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinə pandemiya dövründə diqqət və qayğısı daha da artıb. Dövlətimizin başçısı İlham Əliyevin əfv Sərəncamı əsasında yaşı 65-dən yuxarı 176 məhkumun azadlığa buraxılması da böyüklərimizə, yaşlılara diqqətin, hörmətin bariz nümunəsidir.

Bu məqamı da qeyd edək ki, cənab İlham Əliyev pandemiya dövründə yaşı 65-dən yuxarı olan tənha yaşlılara sosial xidmət göstərənlərin əməyini də yüksək qiymətləndirib. Belə ki, dövlətimizin başçısının 14 aprel 2020-ci il tarixli “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon və şəhər şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşlarının bir misli miqdarında müddətli əlavə edilib.

Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xaqımiza müraciətlərində daim birliyin, həmrəyliyin pandemiyaya qarşı mübarizədə əsas amil olduğu xüsusi qeyd edilir. Mehriban xanım Əliyeva müdrik xalqımıza xas olan ən gözəl xüsusiyyətləri önə çəkərək bu əminliyi ifadə edir ki, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

Y.Cəlilqızı, “İki sahil”

Daha çox xəbərlər