Siyasət 

Dövlət başçısı: Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır

İndiyədək Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qaçqın və məcburi köçkünlərin mənzil-məişət və sosial problemlərinin həlli istiqamətində çox mühüm layihələr icra olunub. Belə ki, bu günədək salınmış 106 müasir tipli qəsəbədə 62494 məcburi köçkün ailəsinin, ümumilikdə, bu qəbildən olan 315 min soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Cari ildə də bu istiqamətdə işlər davam etdirilir. Bu da dövlət başçısının həyata keçirdiyi sosial siyasət sayəsində digər sahələrdə olduğu kimi, çətin şəraitdə yaşayan məcburi köçkünlərin məskunlaşmasının da prioritet olmasını göstərir. Başqa sözlə desək, dövlətimizin başçısı onların problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.

Koronavirus pandemiyası ilə bağlı yaranmış çətinliklərə baxmayaraq, dövlətimizin başçısı bu işlərə ciddi nəzarət edir. Prezident İlham Əliyevin aprelin 24-də Sumqayıt şəhərindəki yataqxanalarda müvəqqəti məskunlaşan 3042 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində yaşayış binalarından ibarət iki qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olması buna sübutdur. Prezidentin bu addımını həm də belə çətin günlərdə vətəndaşlara – öz dogma yuvalarından didərgin düşən qaçqın və məcburi köçkünlərə verdiyi dəyər kimi də xarakterizə etmək olar.

Qeyd edək ki, bu il dövlətimizin başçısının 7 mindən çox məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəllələrinin salınması barədə tapşırığının icrası istiqamətində zəruri işlər davam etdirilir. Özü də dünyanı cənginə almış koronavirus pandemiyasının fəsadlarına baxmayaraq, Prezident İlham Əliyevin bu göstərişlərinin də reallaşacağı şübhəsizdir. Dövlətimizin başçısı Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında demişdir: “Amma mən demişəm, bir daha demək istəyirəm və bütün vətəndaşlar bunu bilsinlər, biz heç bir sosial layihəni dayandırmayacağıq, heç bir sosial proqramı ixtisar etməyəcəyik. Azərbaycan sosial dövlətdir və siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır”.

Yeri gəlmişkən qeyd edək ki, 2003-cü ildən bugünədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox Fərman və Sərəncam imzalayıb, üstəlik, bir çox proqramlar da qəbul edilib. Həmin sənədlərə əsasən, məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə mütəmadi olaraq əmək yarmarkaları təşkil olunur, verilən müavinətin məbləği də ildən-ilə artırılır, həmçinin onlara biznes qurmaq üçün güzəştli şərtlərlə mikrokreditlər verilir. Bir sözlə, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaqla, eləcə də işlə təmin etməklə dövlət onların sosial dayanıqlığını da təmin edir. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir.

Şübhəsiz, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni yaşayış məskənlərinin salınması, məcburi köckünlərin ürəklərində gəzdirdikləri, gözlərindən oxunan yurd həsrətinə son qoyulmasıdır. Gün gələcək ki, bu da reallaşacaq. Bu yerdə cənab İlham Əliyevin çıxışlarının birində söylədiyi fikirləri xatırlatmaq yerinə düşərdi: “Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb – Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür…”

Qvami Məhəbbətoğlu, “İki sahil”

Daha çox xəbərlər