Azərbaycanda cizgi filmindən teatr yaradan usta – VİDEO
Mahir Əhmədov “Tıx-Tıx xanım” cizgi filminin personajlarını hazırlayaraq, sakini olduğu Şirvan şəhərində kukla teatrı açmaq qərarına gəlib.
İncəsənət Universitetini bitirən Mahir Əhmədov Yaşar Nuri, Cahangir Novruzov kimi məşhur aktyorlarımızdan dərslər alıb.
Əvvəldən kukla teatrına marağı olan müsahibimiz bir müddət başqa sahədə çalışsa da, sonradan kuklalardan ibarən teatr yaratmaq qərarına gəlib. Beləcə, o, cizgi filmi personajları hazırlamağa başlayıb.
O, hazırda uşaqların daha çox sevdiyi milli cizgi filmimiz olan “Tıx-Tıx xanım”ın personajlarını hazırlayır.
Mahir usta deyir ki, işlərin böyük hissəsi yekunlaşmaq üzrədir, cizgi filminin əsas qəhrəmanı olan “Tıx-Tıx xanım” personajı tam olaraq hazırlanıb.
Mahir Əhmədov qeyd edib ki, bu vaxta qədər Şirvan şəhərində kukla teatrı olmayıb, yalnız qonşu rayonlarda olan kukla teatrları qastrol səfərlərlə buraya gəliblər.
O, bütün bunları nəzərə alaraq, kuklalardan ibarət teatr yaratmaq qərarına gəlib.
Hazırda müxtəlif tullantı materiallarından istifadə edərək, kuklalar hazırlayan müsahibimizin sözlərinə görə, əgər Mədəniyyət Nazirliyi ona lazımi dəstək göstərərsə, gördüyü işləri daha mükəmməl başa çatdıraraq, teatr açmaq ideyasını həyata keçirə bilər.

