Gündəm 

Bakıda Azərbaycan-Almaniya Biznes Forumu keçirilir

ARANTV.AZ xəbər verir ki, “İlin sonunadək Almaniya tərəfindən  “Cənub Qaz Dəhlizi” layihəsinə 1,5 milyard dollaradək kredit cəlb olunacaq. Bu barədə Bakıda keçirilən Azərbaycan-Almaniya Biznes Forumunda bildirilib. Həmçinin qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında müasir elektrik enerjisi təchizatının qurulmasında Alman şirkətinin təcrübəsindən istifadə edilə bilər.

Azərbaycan-Almaniya Biznes Forumunun əsas məqsədi alman şirkətləri və onların Azərbaycandakı tərəfdaşlarının layihə və təkliflərini təqdim etmək, müvafiq sahələrdə işgüzar əməkdaşlıq qurmaq üçün mövcud imkanları müzakirə etməkdir. “İqtisadiyyatın bütün sferalarında rəqəmsallaşmaya üstünlük verilir. Energetika sahəsində yüksək inkişaf əldə edən Azərbaycan hökuməti üçün də bu, aktual məsələdir”. Almaniya -Azərbaycan ticarət Palatasının icraçı direktoru Tobias Baumann belə dedi. Energetika nazirinin müavini Natiq Abbasov isə vurğuladı ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var.

Nazir müavini enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığının inkişafında Almaniyanın “Uniper” şirkətinin rolundan bəhs etdi.  O, “Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın alıcılarından birinin bu şirkət olduğunu xatırlatdı. Və Abşeron yarımadasında müasir elektrik enerjisi təchizatının qurulmasında onların təcrübəsinin tətbiq olunacağını  istisna etmədi. “İlin sonunadək Almaniya tərəfindən  “Cənub Qaz Dəhlizi” layihəsinə 1,5 milyard dollaradək kredit cəlb olunacaq” deyən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov əlavə etdi ki, Cənub Qaz Dəhlizi ən uzun boru kəmərləri zənciridir. Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Zühl Cənubi Qafqaz regionunda Azərbaycanın Almaniyanın əsas tərəfdaşı olduğunu vurğuladı.

Forum Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

 

Daha çox xəbərlər