Sosial 

Şəfa paylamaq, ömürlərə ömür calamaq xeyirxah olduğu qədər də müqəddəs işdir

Koronavirusla mübarizədə həkimlərimizin əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev üç modul tipli xəstəxananın açılışında “Azərbaycan həkimlərinə eşq olsun və ayaq üstə Azərbaycan həkimlərini alqışlamaq istəyirəm” söylədi

Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ümid yeri olmaq, şəfa paylamaq, ömürlərə ömür calamaq xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Elə bu nəcib peşələrinə görə həkimlər hər cür hörmət və ehtirama layiqdirlər. Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə həkimlərimizin fədakarlıqlarını, Hippokrat andına sadiqliklərini, öz vəzifə borclarını şərəflə yerinə yetirdiklərini bir daha nümayiş etdirirlər. Hər bir ölkənin tərəqqisində, vətəndaş məmnunluğunun artırılmasında bu və ya digər peşə sahiblərinin öz vəzifə borclarını şərəflə yerinə yetirmələri əsas rol oynayır. Koronavirusla mübarizə bütün peşə sahiblərini bir araya gətirdi, onları daha səylə çalışmağa, birlik, həmrəylik fonunda bu çətinlikdən şərəflə çıxmağa səslədi. “Evdə qalaq həkimlərə dəstək olaq!” çağırışı da bunu bir daha təsdiqləyir.

Pandemiya hər bir dövlətin səhiyyə sistemində mövcud imkanlara da işıq salır. Dünyanın inkişaf etmiş ölkələrində yoluxma və ölüm hallarının günbəgün artması, müalicələrin sayının azalması da bir çox məqamların açılmasında yardımçıdır. Lakin Azərbaycan ilk gündən insanların sağlamlığının təmin olunmasını qarşıya prioritet vəzifə kimi qoyduğundan diqqəti daha çox xəstələrin müalicəsinə yönəltdi. Ən əsası ən müasir 20 xəstəxana koronaviruslu xəstələrin ixtiyarına verildi. Bunlarla yanaşı, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 10 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub ki, artıq onlardan 4-ü istifadəyə verilib.

“Mən bir daha həkimlərin fəaliyyətini qiymətləndirmək istərdim. Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bütün çıxışlarında, xalqa müraciətlərində həkim əməyinə yüksək dəyər öz ifadəsini tapır.

Sağlamlığımızın keşikçiləri olan həkimlərimizi öz həyatlarını təhlükə qarşısında qoyaraq gecəli-gündüzlü koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağalıb ailələrinə dönməsi üçün bütün imkanlardan maksimum istifadə edir, ən əsası peşələrindən irəli gələn məsuliyyət hissinin ağırlığını daha dərindən dərk edirlər. Bu gün sağlamlığımız uğrunda gedən mübarizənin əsas qəhrəmanları, öncülləri şəfalı əlləri ilə insanlara xidmət edən, hər gün, saniyə xalqımız tərəfindən alqışlanan həkimlərimizdir. Dövlətimizin başçısı İlham Əliyevin Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında qeyd etdiyi kimi, həkimlər öz vəzifə borcunu yerinə yetirmək, Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər: “Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.” Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə, o cümlədən gözəl Bakımızın küçələrində yerləşdirilən reklam lövhələrində həkimlərin əməyinə verilən yüksək dəyər aydın şəkildə nümayiş olunur. “Eşq olsun Azərbaycan həkimlərinə!”, “Evdə qalaq həkimlərə dəstək olaq!” kimi çağırışların yer aldığı həmin təqdimatlardan hər bir Azərbaycan vətəndaşı böyük qürur hissi keçirir. Bu əminlik yaranır ki, dövlətimizin dəstəyi, həyata keçirilən tədbirlərin miqyasının genişləndirilməsi, həkim heyətinin səyləri nəticəsində koronavirus pandemiyasına qarşı mübarizənin birinci mərhələsində olduğu kimi, ümumiyyətlə, bu sınaqdan az itki ilə çıxacağıq.

Azərbaycanın mübarizə tədbirlərinə ilk andan başlaması Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri tərəfindən də yüksək dəyərləndirildi. Karantin qaydalarının günün tələblərinə uyğun olaraq sərtləşdirilməsi, yaxud yumşaldılmasında da əsas məqsəd insanların sağlamlığının təminatıdır.

Koronavirusla mübarizədə diqqət çəkən əsas məsələlərdən biri də tibbi maska istehsal edən müəssisələrin açılışıdır. Sağlamlığımızın təminatı, virusa yoluxmanın qarşısının alınması üçün vacib amillərdən biri tibbi maskalardan istifadə edilməsidir. İlk günlərdə maska çatışmazlığı təkcə ölkəmiz deyil, dünya üçün problemə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq çox qısa zamanda, təxminən iki həftədə ölkəmizdə maska istehsalına başlanılması təqdir olunan addımlar sırasındandır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır. Əsas məqsəd insanların sağlamlığı təmin edilsin.

Ölkə Prezidenti bu müqayisəli təhlili diqqətə çatdırır ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündə minə yaxın insan vəfat edir. Əgər tibb sahəsi çox inkişaf etmiş ölkələrdə bu xəstəliklə bağlı belə böyük problemlər varsa, təsəvvür etmək çətin deyil ki, bizim üçün nə qədər böyük problem yarana bilər. Ona görə koronavirus xəstələrinə ən yüksək xidmətin göstərilməsi üçün ölkəmizin ən müasir, ən gözəl xəstəxanaları onların ixtiyarına verilir.

Ümumilikdə əvvəldə də qeyd etdiyimiz kimi, son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlər təqdirəlayiqdir. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Bir neçə şəhərdə Mərkəzi Rayon Xəstəxanasının tikintisi davam edir, yaxın vaxtlarda istifadələri nəzərdə tutulub. Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Qazax, Goranboy və Şəmkir şəhərlərində Mərkəzi Rayon xəstəxanalarının açılışı olmuşdur. Təbii ki, bu sahəyə diqqətin, Azərbaycan səhiyyəsinin inkişafının, peşəkar və təcrübəli həkim kontigentinin olmasının nəticəsidir ki, dünyanı bürüyən və fəsadları daha da dərinləşən koronavirus infeksiyasına qarşı mübarizədən qələbə ilə çıxacağımızı böyük əminliklə qeyd edirik.

Dövlətimiz hər zaman olduğu kimi, bu gün də həkimlərimizin əməyini yüksək dəyərləndirir. Cənab İlham Əliyevin 18 mart 2020-ci il tarixli “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı da bu tərkibdəndir. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzalanan həmin sənədə əsasən işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə edildi. Həmin Sərəncamda bu mühüm bənd də öz əksini tapmışdır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri də müəyyənləşdirilsin. Ölkə Prezidentinin bu tapşırığına uyğun olaraq Baş Nazir Əli Əsədovun “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” Qərarında onlara 2020-ci il aprel 1-dən aylıq 250 manat məbləğində mükafat nəzərdə tutuldu.

“Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm” söyləyən dövlətimizin başçısı İlham Əliyev koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının 3, 4, 5 misli məbləğində artırılmasını dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirməklə yanaşı, bu mühüm məqamı xüsusi qeyd edir ki, “ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər.”

Müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğu və bir çox Avropa ölkələrini qabaqladığı bildirilir. Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir. Cənab İlham Əliyev bu çağırışı edir ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür.

İnsanın ən qiymətli sərvəti sağlamlığıdır. Sağlamlığımızın keşiyində dayanan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara cansağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq.

Yeganə Əliyeva,

“İki sahil”

Daha çox xəbərlər