Sosial 

Yollar görkəmini dəyişir

Astara rayonunda dövlət səviyyəsində, müasir tələblərə cavab verən yolların çəkilişi davam edir. Elə bunun səbəbidir ki, indi rayonun ən ucqar dağ kəndinə rahat gedib-gəlmək çox asandır. Hazırda 20 mindən çox əhalisi olan Ərçivan-Artupa- Səncərədi-Alaşa- Züngüləş  kəndlərini birləşdirən avtomobil yolunda texnikanın səsi bir an belə kəsilmir. İnşaatçılar  11,6 kilometr uzunluğa malik olan bu yolu IV texniki dərəcədə yüksək keyfiyyətlə  yenidən qururlar.

Artıq burada xeyli iş görülüb. Layihəyə uyğun olaraq 12 metr enində yeni yol yatağı inşa edilib. Suvarma məqsədilə  çəkilmiş metal borular yararsız hala düşdüyünə  görə  çox yerlərdə diametri  300 və 500 millimetr olan yeni borularla əvəzlənib.  İndinin özündə  130 min kvadratmetr sahədə yol əsasının alt, üst layının inşası aparılır, səth sularının kənarlaşması üçün dəmir-beton küvetlər   düzəldilir və yolun  keçdiyi ərazilərdə təbi sürüşmə yerlərinin qarşısında istinad divarları hörülür.  Yol ustaları  görülən  bütün işlərə ciddi yanaşır, layihədə nəzərə tutulan  şərtləri düzgün yerinə yetirirlər.  Bu işlər tam şəkildə başa çatdıqdan  sonra  yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək. Həmçinin  hərəkətin düzgün təşkilindən ötrü yol nişanları, siqnal  dirəkləri qoyulacaq, eləcə də  yolgöstərici  xəritələr çəkiləcək.   Lazımi  yerlərdə avtobus dayanacaqlarının quraşdırılması  da nəzərdə tutulub.

Yol  sırf  sosial  xarakter daşıyır, insanların  vaxtında, rahat mənzil başına çatdırmaq  üçündür. Odur ki, dövlətin bu əvəzsiz  diqqət və qayğısından  kənd sakinləri  hədsiz sevinir, ölkə  başçısına  ürəkdən  minnətdarlıqlarını  bildirirlər.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər