ÜST və dünya ölkələri pandemiyanın ikinci dalğasının olması ehtimalını real hesab edirlər
Vətəndaşlarımız arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olunması anlamına gəlməməlidir
University College London və London Gigiyena və Tropik Tibb Məktəbinin tədqiqatçıları xəbərdarlıq ediblər ki, İngiltərədə daha effektli testləşmə və qoruma sistemi qurulmadan məktəblər açılarsa, ölkə qışda indikindən iki dəfə güclü yoluxma dalğası ilə üzləşəcək.
Almaniyada da oxşar vəziyyətdir. Həkimlər Birliyi ölkədə pandemiyanın ikinci dalğasının başladığını elan edib və bildirib ki, gigiyena tələblərinə məhəl qoymamaq xəstələrin sayının artmasına bilavasitə yol açır. Fransa hökumətinin nəzdində fəaliyyət göstərən Elmi Şura bəyan edib ki, yaxın aylarda ölkə COVID-19-un ikinci dalğası ilə qarşılaşacaq. “Epidemiyanın ikinci dalğasının payızda və ya qışda olma ehtimalı yüksəkdir,” – deyə “Le Figaro” qəzeti yazır.
Avropanın daha bir ölkəsində – Estoniyada Səhiyyə Departamenti koronavirusun ikinci dalğasının başladığını artıq rəsmən açıqlayıb. Ötən ay 1,0 olan yoluxma səviyyəsi indi 2,6-ya çatıb və hökumət yenidən koronavirusla mübarizə tədbirlərini sərtləşdirməyə məcbur olub.
Göründüyü kimi, bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, gün ərzində koronavirusa yoluxan xəstələrin sayı 150-dən aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Avqustun 5-dən etibarən Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldılıb, açılmalar tədricən tətbiq olunub. Bu, bir daha göstərir ki, xəstəliyin yayılması ilə bağlı hər bir ölkə məhdudiyyətləri sərtləşdirir və ya yumşaldır. Mövcud vəziyyət “nəyə görə hansısa ölkədə məhdudiyyətlər aradan qaldırılıb, Azərbaycanda isə sərt karantin rejimidir” sualına cavabdır.
Lakin ölkəmizdə pandemiyanın yayılma sürəti azalsa da, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər. Pandemiyanın ikinci dalğasının olması təhlükəsi realdır və bəzi ölkələrdə, artıq rəsmən elan edilib. Üstəlik, virus mutasiya edərək daha aqressiv forma alıb. Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olunması anlamına gəlməməlidir. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantinin tələblərinə, şəxsi gigiyena qaydalarına riayət etməkdir.
Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib. 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsilə tərk etmək sistemi ləğv olunub. Bundan başqa, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında tətbiq olunacaq.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılacaq. Eyni zamanda, sərt karantinin tətbiq olunduğu müddətdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi qadağandır. Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusdan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl edilməli, tibbi-profilaktik qaydalara riayət olunmalı, insanlar ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamalı, qoruyucu maskalardan istifadə etməlidirlər.
Unutmamalıyıq ki, bəşəri kabus hələ də aramızda dolaşmaqda, fəlakətlər yaratmaqda, insanların həyatını riskə atmaqda davam edir. Qaydalara əməl etməmək virusun yenidən geniş yayılmasına səbəb ola bilər. Bu halda karantin rejiminin yenidən daha da sərtləşdirilməsi lazım gələcək. Həyata keçirilən tədbirləri, işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatmaq üçün karantin rejiminin bütün qaydalarına riayət etmək başlıca zərurətdir.
Cavid Əkbərov, “İki sahil”

