İnsan sağlamlığına bir gediş haqqı kimi baxan şirkətlər varsa…
Ölkədə koronavirus pandemiyası ilə mübarizədə bütün imkanlar səfərbər olunub. Buraya sahibkarlıq subyektləri də daxildir və onların bir hissəsi məhdudlaşdırıcı tədbirlərin tələblərindən irəli gələrək fəaliyyət göstərmir, digərləri isə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl etməklə işlərini davam etdirirlər. İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində apardığı monitorinqlərlə bağlı yaydığı məlumatlar isə onu deməyə əsas verir ki, onların böyük əksəriyyəti bu tələblərə əməl edirlər. Bununla belə, karantin qaydalarına nəinki əməl etməyən, hətta onu sabotaj edən sahəyə də rast gəlinir. Buna ən bariz nümunə ictimai nəqliyyatdır. Bunu paytaxtdakı istənilən müntəzəm marşrutlar üzrə avtobuslarda müşahidə aparanda görmək olur. Sürücü ilə sərnişin arakəsməsi yox səviyyədə, sərnişinlər arasında ara məsafəsindən isə heç danışmağa dəyməz.
Bakı Nəqliyyat Agentliyinin (BNA) avqustun 6-da açıqladığı məlumata görə, müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə verilən tapşırıqların icrasına nəzarət məqsədi ilə “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Ayşən LTD” MMC, “Azlənd Plaza” MMC, “GrandBus” MMC, “Fidan” MMC“ və “General Auto Company” firmasının istehsalat bazalarına baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması halları müşahidə edilib. Adı çəkilən daşıyıcılar müvəqqəti istismarlarında olan bəzi marşrutlar üzrə müəyyən olunan saydan az avtobus çıxararaq süni sərnişin sıxlığının yaranmasına səbəb olublar. Hərçənd ki, BNA-nın avqustun 2-də sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə videokonfrans formatında keçirdiyi müşavirədə sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilmişdi. Bildirilmişdi ki, xəttə müəyyən olunan saydan az avtobusun çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcək. Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə, bu, həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, xeyli müddətdir ki, paytaxtda xüsusi karantin rejiminin qüvvədə olmasına baxmayaraq əksər müntəzəm marşrutlar üzrə avtobuslarda sıxlıq müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə də xeyli məlumata rast gəlmək mümkündür.
Aydın məsələdir ki, indiyədək fəaliyyətləri keyfiyyətsiz xidmətlə xarakterik olan bu sahədəki şirkətlər “iş üslubunu” pandemiyadan irəli gələn xüsusi karantin rejimində də davam etdirməkdədirlər. Belə görünür ki, indiyədək asan yolla qazanc əldə etmək naminə insanların həyat və sağlamlıqlarını qurban verməyə öyrəşmiş belə sahibkarlıq subyektləri üçün əhalinin koronavirus infeksiyası yoluxub-yoluxmamasının da elə bir fərqi yoxdur.
Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ictimai nəqliyyat sahəsində təkmilləşdirmə istiqamətində islahatların aparıldığını bildirsə də, özəl sektora bəslənən ümidlərin özünü doğrultmadığını vurğulamışdı: “Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır”.
Ölkə başçısının bu fikirlərindən sonra özəl şirkətlər fəaliyyətlərində ciddi dönüş yaratmalı idilər. Ancaq görünəni odur ki, ötən müddət ərzində bu sahədə ciddi irəliləyiş baş verməyib və insanların qarşılaşdıqları təhlükələrin sırasına biri də əlavə olunub.
Ümumiyyətlə, son illərdə özəl şirkətlərlə bağlı əsas dəyişiklik Tarif Şurasının 30 iyul 2018-ci il qərarı ilə müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarifin bir gediş üzrə 50 faiz artırılması olub. Həmin vaxt bunun sektorda ciddi inkişafa səbəb olacağı, şirkətlərin avtobus parklarını yeniləmələrinə imkan verəcəyi bildirilmişdi. Hərçənd BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimlinin cari ilin fevralın 18-də ölkə başçısının qəbulunda verdiyi məlumatdan belə məlum oldu ki, 2019-cu ildə ölkəyə gətirilmiş avtobusların yalnız 3-də 1-i özəl daşıyıcılara məxsus olub.
Eyni zamanda, pandemiya şəraitində vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə sərnişin daşınması xidməti göstərən vergi ödəyicilərinin öhdəlikləri də nəzərə alınıb. Bununla da 2020-ci il ərzində sərnişindaşıma xidməti göstərən müəssisələr üçün isə hər bir oturacaq üçün 1 manat 80 qəpik əvəzinə 90 qəpik sadələşdirilmiş vergi müəyyənləşdirilib.
Bir sözlə, bütün bunlara baxmayaraq koronavirusla mübarizənin reallıqları ilə barışmaq istəməyən sözügedən sektordakı sahibkarlıq subyektlərinə “dur!” deməyin vaxtı çoxdan yetişib. Yoxsa ki, insan həyat və sağlamlığına bir gediş haqqı kimi baxan belə özəl şirkətlər mövcud olduğu halda, pandemiya üzərində tam qələbə çalmaq da müşkülə çevrilə bilər.
Ceyhun Piriyev, “İki sahil”

