Bir kadr üçün yaşayan peşəkarlar – FOTO
İstər peşəkar olsun, istərsə də həvəskar insanlar foto çəkməyə meyillidirlər. Aldığımız mobil telefonların belə ilk olaraq keyfiyyətli foto çəkib-çəkmədiyini yoxlayırıq. Bu gün, yəni 19 avqust həyatımızın ən gözəl anlarını əbədiləşdirdiyimiz fotoqrafiyanın və bu sahənin peşəkarları olan fotoqrafların günüdür. Fotonu sevən hər kəsin qeyd etdiyi Beynəlxalq Fotoqrafiya Günü avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə təsis edilib. Fotoqrafiyanın prototipi olan üsul geniş ictimaiyyətə 1839-cu ilin məhz avqust ayının 19-da təqdim olunduğu üçün bu gün əlamətdar tarix kimi seçilib.
Belə bir deyim var “Fotoqraf ömrü boyu bir kadr üçün yaşayır”. Bəs görəsən bizim fotoqraflar necə, o kadrı, tuta biliblərmi? Oxu.Az Beynəlxalq Fotoqrafiya Günü münasibətilə bir neçə fotoqrafla həmsöhbət olub.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsində fotoqraf kimi çalışan 27 yaşlı Məhərrəm Məcidov deyir ki, həyatının ayrılmaz hissəsinə çevrilən fotoqrafiya ilə 2012-ci ildən məşğuldur. Sənətdə daim öyrənməli, özünü inkişaf etdirməlisən:
“İlk gündən çalışmışam ki, özümü inkişaf etdirim, öyrənim. Ən çox sevdiyim janr küçə fotoqrafiyasıdır. Sizə ən uğurlu fotomdan danışmaq istəyirəm. Bu kadrı evimizin balkonundan çəkdim. Həyətdə futbol oynayan uşaqlara baxanda oyundan kənarda qalıb küsən uşaq diqqətimi çəkdi. O, arxası futbol oynayan uşaqlara tərəf bir skamyada oturmuşdu. Tez fotoaparatımı əlimə alıb bu anı kadrlara köçürdüm. Həmin foto AFB tərəfindən birinci yerə layiq görülüb. Mənə uğur gətirən digər fotomu “Sovetski” adlandırılan ərazi söküləndə çəkdim. Fotoqraflarla çəkilişə gedəndə heç kimin diqqətini cəlb etməyən bir kadr nəzərimi çəkdi. Fotoda sökülən məhəllənin yerində ucaldılan yeni binanın fonunda çadralı qadın təsvir olunub”.
Bu günə qədər kameranızın yaddaşına köçürməkdə çətinlik çəkdiyiniz foto hansı olub sualını isə Məhərrəm Məcidov belə cavablandırıb:
“Həyatımda ən ağır çəkiliş isə şəhidimizin dəfni zamanı ağlayaraq bayrağı öpən şəhid oğlunun fotosu olub. Həmin kadrı göz yaşları ilə çəkdim”.
“Elə bir an ola bilər ki, yolla gedərkən çəkdiyim bir kadr mənim bütün həyatımı dəyişər. Fürsətdən istifadə edərək, bütün həmkarlarımı 19 avqust – Beynəlxalq Fotoqrafiya Günü münasibətilə təbrik edir, işlərində daim uğurlar arzu edirəm. Hər zaman çəkin və yaradın”.
Azərbaycanda “Getty İmages” üçün fotolar çəkən yeganə fotoqraf Əziz Kərimov 2005-ci ildən həyatını bu sahə ilə bağlayıb. Müxtəlif mövzularda fotolar çəkən Əziz deyir ki, 2012-ci ildən peşəkar kimi çalışır:
“Bu sahəni dərindən öyrənmək üçün müxtəlif təlimlərdə iştirak etdim. Bir çox aparıcı media orqanları ilə əməkdaşlığım olub. Fotolarım yerli media ilə yanaşı xarici mediada da yayımlanmağa başlayıb. 2019-cu ildə qazandığım ən böyük uğur “Getty İmages” ailəsinə qoşulmağım olub. Bu gün Azərbaycanda həmkarlarım arasında onlarla əməkdaşlıq edən tək mənəm. Xarici ölkələrdə Fransa, Belçika, Norveç və digər ölkələrdə tanınmış fotoqrafların əsərləri ilə yanaşı mənim də fotolarım sərgilənib. Fərdi sərgim isə hələ olmayıb”.
Əziz deyir ki, təsadüfən çəkdiyi fotolardan biri gözləmədiyi anda cəmiyyət tərəfindən xoş qarşılanıb və sosial şəbəkələrdə tirajlanıb:
“O qızı təsadüfən gördüm və gözləri çox xoşuma gəldi. Həmin fotonu çəkdiyimdə bu qədər maraqla qarşılanacağı, müzakirə olunacağı ağlıma belə gəlməzdi. Bu gün də həmin foto mənim iş yerimdə masanın üzərində durur. Təəssüf ki, bu qızı mən bir neçə ay sonra gözlədiyim yerdə deyil, saçları kəsilmiş, arıqlamış, fərqli formada çəkilən şəkillərini gördüm”.
Gənc fotoqraf karyerası boyu heç bir çətinlik çəkmədiyini deyir:
“Məncə digər fotoqraflar da mənimlə razılaşar ki, bir mövzuda çəkdiyimiz 100-200 fotodan yalnız biri xoşumuza gələrsə, biz digər bütün fotoları da işləməyə hazırıq. Yəni, bağban bağını suluyursa, orada gözəl bir qızıl gül varsa, onun xətrinə digər yabanı otlar da həmin sudan qidalanmış olur. Mən fotolarıma da belə yanaşıram. Elə olub ki, bir çəkilişdə 100 fotodan heç biri xoşuma gəlməyib və o, mövzunu başqa zamana saxlamışam. Ona görə də, fotoqraf ömür boyu bir kadr üçün yaşayır fikri, tam doğrudur”.
2008-ci ildən fotoları ilə insanların ürəyinə yol tapan fotoqraflardan biri də Elvin Abdulladır. Elvin deyir ki, son beş il ərzində bu sahə ilə daha da peşəkar şəkildə məşğul olur:
“Fotoqraf kimi fəaliyyətim bu sahəyə olan sevgimdən, marağımdan dolayı yaranıb. Son beş ilin üç ilini yerli media orqanlarından birində, iki ilini isə dövlət qurumunda çalışdım. Sözün düzü heç bir müsabiqədə iştirak etmədim, amma fotolarım müxtəlif saytlar tərəfindən tirajlandı. Düşünürəm ki, uğurum qısa zamanda geniş kütləyə fotoların dili ilə xitab etməyim olub”.
Fotoqraf ömrü boyu bir kadr üçün yaşayır fikrini dəstəkləyən Elvin deyir ki, bu yaxınlarda elə bir kadr qaçırıb ki, indi də təəssüf hissi keçirir:
“Axşam səmada bütöv və parlaq ay var idi. Həmin an təyyarə uçurdu, bu anı əbədiləşdirmək lazım idi. Çünki təyyarə tam ayın qarşısından keçməklə möhtəşəm mənzərə yaratdı. Fotoaparatım yanımda olmadığı üçün həmin ana sadəcə baxa-baxa qaldım. Bu cür qaçırdığım fotolar az olmayıb”.
Elvin deyir ki, kameranın yaddaşına köçürməkdə çətinlik çəkdiyi kadr ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirən balaca Zəhranın dəfn mərasimi olub:
“Bu fotonu göz yaşları içərisində çəkdim. Həmin anı sözlə ifadə etmək mümkün deyil. Allah rəhmət eləsin”.
Fotoqraflarımız arasında istedadlı xanımlarımız da var. Onlardan biri İradə Qədirovadır. İradə deyir ki, əlində fotoaparatla gördüyü gözəllikləri əbədiləşdirmək onun uşaqlıq arzusu olub:
“İlk fotoaparatı əlimə 2010-cu ildə aldım. 2014-cü ildən isə artıq peşəkar fotoqraf kimi bu sahədə çalışdım. Fotoqrafiya mənim üçün iş yox, eşqdir. Çəkdiyim şəkillərin insanlar tərəfindən bəyənilərək paylaşılması və ən əsası hər fotoda vermək istədiyim mesajı anlamaları məni çox sevindirir. Bunu uğurum kimi qəbul edirəm”.
İradə deyir ki, bəzən təsadüfən çəkilən fotolar belə insana uğur gətirə bilir:
“2016-cı ilin avqust ayında çəkilən bu şəklim Azərbaycanda turizm sektoruna təkan verdi deyə bilərəm. Qusarda lentə alınan bu foto təsadüfən çəkilib. Heç gözləməzdim ki, bu foto bu qədər paylaşılar. Yerli və xarici səhifələr həmin şəkli sürətlə paylaşdı. Hər kəs məkanla maraqlanmağa, oraya getməyə başladı. Deyərdim ki, bu foto mənim vizit kartıma çevrilib”.
Gənc fotoqraf ən ağır və həyatında iz qoyan kadrları 2016-cı ildə Ağdam rayonunda lentə aldığını deyir:
“Bu fotoları mən demək olar ki, paylaşmadım. Amma orada insanların gözündəki acını çəkmək mənə çox ağır oldu. Bu ağrı-acını heç kəsə ötürmək istəmədim. Mənəvi cəhətdən həyatımda xatirəsi olan fotolardan biri isə atamla bağlıdır. Atamı çəkdiyim bütün kadrlar mənim üçün həm ağır, həm də dəyərlidir. Çünki, onun bizimlə olan son ilinin hər anını əbədiləşdirmək istəyirdim”.
“Fotoqrafların çəkdikləri fotolara olan münasibətini ana-övlad münasibətinə bənzədirəm. Fotoqraf ömrü boyu bir kadr üçün yaşayır fikri gözəldir. Amma mən bu suala cavab vermək istəməzdim. Ümumiyyətlə bu sualın cavabının heç vaxt tapılmamasını arzu edirəm. Əks halda heç kim daha yeni kadrlar axtarışında olmaz”, deyə İ.Qədirova bildirib.
Tanınmış fotoqraflardan olan Arif Ələkbər fotoqrafiya ilə ruhunun dincəlməsi üçün məşğul olduğunu deyir. Hər kəsin Əli Əkbər kimi tanıdığı fotoqraf ürəyincə çəkdiyi hər bir kadrın öz uğuru olduğunu deyir:
“Kosta-Rikadakı cəngəllikdə kolibri quşunun, Uqandadakı kərgədanın, Fudziyama dağının zirvəsindəki mənzərə, Tanzaniyadakı aslanların ov səhnəsi, Tibetdə Himalay dağındakı yakların fotoları mənim uğurumdur. Həm də gerçəkləşmiş arzumun mənə verdiyi paydır”.
Kameranın yaddaşına köçürməkdə çətinlik çəkdiyi kadrı yadına salanda özünü gülməkdən saxlaya bilməyən Əli Əkbər deyir ki, həmin kadrı Serengetidə (Tanzaniya) çəkib:
“Orada qəribə bir heyvan gördüm, Rock Hyrax adlanır. İri qunduza bənzər bir canlıdır. Bəlkə də iki, üç saat onun arxasınca gedib, nəhayət fotolarını çəkdim. Özümdən, işimdən çox razı halda savannada nahar üçün düzəldilmiş xüsusi yerə gəlincə isə gördüm ki, 20-25 ədəd Rock Hyrax turistlər arasında rahatca gəzir, insanlardan qorxmur, məmuniyyətlə onlardan yemək qəbul edib şadyanalıq edirlər. Yəni onların fotolarına çəkdiyim əziyyət hədər gedib”.
Əli Əkbər deyir ki, “Bir kadrı tutdum” deyə bir şey yoxdur:
“Həyatımızın hər növbəti saniyəsi o kadrı gətirə bilər. Mənəvi dəyərə gəlincə, yəqin Qərbi Tibetdə, dəniz səviyyəsindən 4500 metr hündürlükdə, Himalay dağlarının ətəyindəki Korzok kəndində məskən salan köçərilər daha dərin iz buraxdı. Xüsusən köçəri qadının bizi öz çadırına dəvət edib yaşam tərzi haqqında suallarımızı təmkinlə cavablandırmağı, yak südünə qonaq etməsi yaddaşımda həmişə qalacaq. Qadının çöhrəsindəki ifadə hər dəqiqə dəyişirdi: gah kədərli olurdu, gah gülümsəyirdi, gah fikrə gedirdi. Niyəsini isə bilmədim”.
Son olaraq bütün fotoqrafları Beynəlxalq Fotoqrafiya Günü münasibətilə təbrik edirik.

