Sosial 

Koronavirusu keçirib-keçirmədiyini bilmək üçün yalnız qan testi verməlisən

Vasif Əliyev: Bu testləri keçirməklə ölkə əhalisinin təxminən nə qədər hissəsində virusa qarşı immunitetin formalaşması öyrəniləcək

 

Ölkəmizdə əhalinin COVID-19 pandemiyasına qarşı immunitet yaranmasının öyrənilməsi üçün seroloji testlər keçirilməsi layihəsinə başlanıb. Bəs sereloji testlərin mahiyyəti nədir, bunun vətəndaşlarımız, cəmiyyətimiz üçün xeyirli və zəruri cəhətləri hansılardır?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında söylədi ki, insanlar koronavirusu simptomatik və asimptomatik şəkildə keçirə bilərlər: “İnsanlar xəstəliyi asimptomatik, rahat şəkildə keçirdikləri halda bunun fərqinə varmır, xəstəliyi keçirib-keçirmədikləri haqqında hər hansı bilgi sahibi olmurlar. Şikayətləri olmadığına görə hər hansı analiz və test verməyə ehtiyac görmürlər. Amma seroloji testdən keçməklə onlar bu xəstəliklə qarşılaşıb-qarşılaşmadıqları haqda məlumata sahib olurlar. Çünki koronavirusa yoluxan insanların qanında virusa qarşı anticisimlər yaranır. Bu testləri keçirməklə ölkə əhalisinin təxminən nə qədər hissəsində virusa qarşı immunitetin formalaşması öyrəniləcək. Yəni, dövlətimiz tərəfindən sereloji testlərin keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, əhalinin nə qədər hissəsinin bu virusla qarşılaşması, cəmiyyət üçün nə qədər təhlükəli olması haqqında bir bilgi əldə edilmiş olur. Bu testlər təsadüfi seçilmiş insanlar arasında könüllülük prinsipi ilə aparılır və tam olaraq ödənişsizdir. Yəni, seroloji testlərin keçirilməsi metodologiyası kimi sadə təsadüfi seçmə metodunun tətbiq edilməsi məqsədəuyğun hesab edilir. Eyni zamanda, sereloji testlərin keçirilməsi insanların sağlamlığı üçün heç bir təhlükə yaratmır. Yəni, adi qaydada verilən bir testdir. Mən şəxsən öz hesabıma bu analizi vermişəm. Düşünürəm ki, insanlarımız bunun mahiyyətini dərk etdikdən sonra hər kəs sereloji testlərin onun öz üzərində keçirilməsinə can atar.”  V. Əliyevin sözlərinə görə, seroloji testlərin əhəmiyyəti çox böyükdür. Koronavirusu keçirib-keçirmədiyini bilmək üçün yalnız qan testi verməlisən. V.Əliyev qeyd etdi ki, immun sistemi ilə bağlı olan sereloji testlər ən dəyərli üsullardan biridir: “Sereloji testlər hələlik ən böyük şəhərlərdə – Bakı, Sumqayıt və Gəncədə keçiriləcək. Testlər nəticəsində cəmiyyətin nə qədər hissəsinin bu virusdan qorunub-qorunmadığı haqqında bilgi əldə ediləcək. Sereloji testlər 18-65 yaş arası insanlar arasında keçiriləcək və bu analizlər hər şəhərdə təxminən 1500 nəfərdən götürüləcək.”

Daha çox xəbərlər