Sosial 

Qumral Ələkbərova: Seroloji testlər pandemiya ilə mübarizədə bizə yardımçı olacaq

Bu testlərin hamısı təmənnasızdır və xərclər dövlət tərəfindən qarşılanacaq. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq

Seroloji testlər vasitəsilə xəstəliyi gizli, yəni simptomsuz keçirənlərin sayı, virusdan ölüm faizi, əhalinin nə qədərində immunitetin formalaşması və immuniteti qazanan insanların yaş qrupları barədə məlumatlar müəyyən olunacaq

Məlum olduğu kimi, Azərbaycanda koronavirusla mübarizə çərçivəsində seroloji testlərin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə,  seroloji testlər pandemiya ilə mübarizə strategiyasının vacib bir parçası olduğundan, Azərbaycan hökuməti tərəfindən bu istiqamətdə də mühüm addımlar atılır. Onu da qeyd edək ki, Azərbaycanda seroloji testlərin aparılması Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və xüsusi proqramı ilə planlaşdırılır. Xatırladaq ki, indiyədək Almaniyada Oldendorf, Çində Uhan, Hindistanda Mumbay, İsveçrədə Cenevrə kimi şəhərlərdə seroloji testlər keçirilib. Türkiyədə isə COVID-19 xəstəliyinə qarşı immunitet xəritəsini müəyyən etmək üçün bütün ölkə üzrə 153 min nəfər anticisim testindən keçirilib.

Bəs seroloji testlərin nə kimi  xüsusiyyətləri var?

TƏBİB-in Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, seroloji testlər vasitəsi ilə əhalimizin neçə faizinin virusu keçirib-keçirmədiyi, immunitetin formalaşıb-formalaşmadığı haqqında məlumat alacağıq:  “Pandemiya ilə  mübarizə dövründə koronavirusun aşkarlanması  və müalicəsi üçün müxtəlif  modern üsullardan istifadə edilir. Bu üsullardan biri də seroloji testlər vasitəsilə virusun aşkarlanmasıdır. Seroloji testlərin keçirilməsi pandemiya ilə mübarizə strategiyasının zəruri sahələrindən biridir. Çünki əhali arasında COVID-19 infeksiyasının keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış imunitet səviyyəsinin öyrənilməsi zəruridir. Artıq bu həftədən etibarən ölkəmizdə seroloji testlər layihəsi həyata keçirilməyə başlamışdır. Seroloji test  infeksiya və qan yolu ilə yayılan hepatit kimi xəstəliklərdən şübhələndikdə tətbiq olunan qan testidir. Seroloji analizin məqsədi virus, bakteriya və parazit kimi bir sıra mikroorqanizmlərə qarşı  bədənin hazırladığı antikorların var olub-olmadığını müəyyənləşdirməkdir. Tez tətbiq oluna bilməsi və qısa müddətdə nəticə verməsi seroloji testlərin əsas üstünlüklərindəndir. Belə ki, bir virusun müəyyənləşdirilməsində digər testlərin nəticələri həftələr sonra çıxdığı halda, seroloji test bir neçə saata nəticə verir. Test nəticəsində əldə edilən məlumatlara əsasən, antikorların və mikrobların antigenləri və quruluşu analiz edilir. Araşdırmaların nəticəsinə uyğun olaraq isə xəstəliyin diaqnozu qoyulur və ehtiyac yaranarsa müalicə üsulu göstərilir.”

Ekspert onu da qeyd etdi ki, Azərbaycanda daha öncə COVID-19-la bağlı PSR testləri icra olunurdu: “Bu analizlər birdəfəlik nəticə verirdi, aktiv, hazırda bədəndə bu virusun olub-olmadığını müəyyənləşdirirdi, virusun təyini üçün aparılırdı. Seroloji testlər isə tam fərqli test üsuludur. Bu testlər virusu keçirib-keçirməməyimiz, orqanizmin qarşılaşıb-qarşılaşmaması və bədəndə virusa qarşı immunitetin formalaşması barədə məlumat verir. Testlərin təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük  prinsipinə əsaslanaraq ilkin olaraq 1500 nəfər üzərində aparılması nəzərdə tutulur. İlkin mərhələdə tədqiqatların Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Tədqiqatlar dövlət tərəfindən alınaraq ölkəyə gətirilmiş Almaniyanın “EUROIMMUN” şirkətinin istehsalı olan reaktivlərlə aparılacaqdır. İlk növbədə çağrı mərkəzlərindən təsadüfi seçilmiş şəxslərə zəng ediləcək. Bu zaman həmin şəxslər razı olarsa, onun evinə qeydiyyatda olduğu ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı yaxınlaşacaq, onlardan 3-5 ml qan nümunəsi alacaqlar. Eyni zamanda, istəkdən asılı olaraq, həmin şəxslərə qanın ümumi analizi də ödənişsiz şəkildə həyata keçirilə bilər. Bu testlərin hamısı təmənnasızdır və xərclər dövlət tərəfindən qarşılanacaqdır. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək.

Q. Ələkbərova əlavə etdi ki, seroloji testlər vasitəsilə xəstəliyi gizli, yəni simptomsuz keçirənlərin sayı, virusdan ölüm faizi, əhalinin nə qədərində immunitetin formalaşması və immuniteti qazanan insanların yaş qrupları barədə məlumatlar müəyyən olunacaq: “Testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq. Bu şəxslər təsadüfi seçilənlər olacaqlar. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil.  ABŞ-ın FDA qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq. Bu testlərin spesifikliyi ondadır ki, yanlışlıq dərəcəsi çox aşağıdır, həssaslığı isə 90-96 faiz arasındadır. İstifadə olunan testlər Almaniya istehsalıdır. Etibarlı nəticələr əldə ediləcək.  Seroloji test adı verilən anticism testi qan analizi götürülən şəxsdə viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülalların yaranıb-yaranmamasının, yaranıbsa da, miqdarının müəyyənləşdirilməsi prosesidir.”

Daha çox xəbərlər