Həkim-ekspert Fərrux Sədirov: Həmin insan ən azı 6 ay bu xəstəliyə yoluxa bilməz
Rəsmi statistikaya əsasən, bu günə kimi dünyada 20 milyondan çox insanın koronavirus (COVID-19) testi pozitiv çıxıb. Məsələ burasındadır ki, bu, sadəcə test edilən insanların sayıdır. Faktiki olaraq isə koronavirusu simptomsuz keçirənlərin sayının minlərlə olduğu ehtimal olunur. Bu qisimdən olanların sayını isə müəyyənləşdirmək hələlik mümkün olmasa da, bunun öyrənilməsi məqsədilə müxtəlif ölkələrlə yanaşı, Azərbaycanda da dövlət tərəfindən seroloji testlərin həyata keçirilməsinə başlanılır.
Bəs maraqlıdır seroloji test nədir, necə görütülür və əhəmiyyəti nədən ibarətdir?
Suallarımızı cavablandıran həkim-ekspert Fərrux Sədirov “İki sahil”ə bildirdi ki, seroloji test əslində tibbdə yeni üsul deyil: “Bu üsul uzun müddətdir ki, istifadə olunur. Əsasən hamilə qadınlarda, işə qəbul zamanı və s. belə testlər götürülür. Lakin koronavirusla bağlı ölkəmizdə ilk dəfə həyata keçiriləcək”.
Bilməyənlər üçün bu testin nə olduğuna aydınlıq gətirən müsahibimiz bildirdi ki, seroloji test adı verilən anti-cism testi qan analizi götürülən şəxsdə viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülalların yaranıb-yaranmaması, yaranıbsa da, miqdarının müəyyənləşdirilməsi prosesidir: “Test virus nəticəsində qanda antivirusun yaranıb-yaranmadığını bilməyə imkan verir. Əgər, xəstəliyi gizli və ya aşkar şəkildə keçirən pasiyentin qanında antivirus formalaşırsa, bu o deməkdir ki, həmin insan artıq ən azı altı ay müddətində bu xəstəliyə yoluxa bilməz və praktiki olaraq heç kimi yoluxdura da bilməz”.
Sadə dildə desək, testin keçirilməsində məqsəd yoluxmuş şəxslərdə immumitetin yaranıb-yaranmamasını dəqiqləşdirməkdir. Ekspert F. Sədirov onu da bildirdi ki, bir çox ölkələrdə pandemiya səbəbi ilə alınan qabaqlayıcı tədbirlərin aradan götürülməsi və ikinci dalğanın yayılmasına mane olmaq məqsədi ilə bu xəstəliyə qarşı immuniteti yaranan şəxslərin müəyyənləşdirilməsi prosesi başlayıb. Azərbaycanda da qısa zamanda seroloji testlər həyata keçiriləcək. Testlər hamıdan yox, əsasən 18-65 yaş arası təsadüfi seçilmiş əhali qruplarından götürüləcək. Burada könüllülük prinsipi əsas tutulacaq: “Seroloji testlərin məqsədi koronavirusa qarşı əhalidə immunitetin yaranma vəziyyətini öyrənmək, bu əsasda nə qədər insanın əvvəldən xəstəliyi keçirməsini müəyyən etmək, ölkə üzrə yoluxmanın xəritəsini çıxarmaqdır. Bu, həm də gələcəkdə karantin rejiminin sərtləşdirilməsi, yumşaldılması ilə bağlı qərarlara da öz təsirini göstərə bilər”.
Həkim-ekspert bildirdi ki, təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndərilərək müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsi alınacaq: “Qeyd edim ki, yaxma üsulundan daha tez cavabı məlum olan seroloji testi istənilən vətəndaş özəl klinikalara müraciət edərək də verə bilər”. Testin qiymətinin yaxma üsuldan daha ucuz olduğunu qeyd edən ekspert onu da əlavə etdi ki, qanında antivirusun yarandığı testlə müəyyən olunan şəxs xarici səfərlərə də maneəsiz gedə bilər.
Qeyd edək ki, seroloji testin ölkəmizdə hansı formada tətbiq olunacağı ilə bağlı digər məqamlara sabah keçiriləcək birifinqdə aydınlıq gətiriləcək.

