Azərbaycan xalqı İslami dəyərlərə, dini inanclara sadiqdir
Pandemiya ilə əlaqədar Məhərrəm ayına və Aşura gününə xas ayinlərin kütləvi deyil, fərdi qaydada keçirilməsi məqsədəuyğundur
Bütün dünyada, müsəlman ölkələrində karantin rejiminə ciddi əməl olunduğu bir zamana təsadüf edən Məhərrəm ayında, Aşura günündə insanların kütləvi toplaşmasına qoyulan məhdudiyyətləri dindarlar da dəstəkləyirlər
Yetmiş ildən artıq sovet ideologiyası ilə idarə olunan, «qardaşlıq ailəsi»nin üzvü kimi «beynəlmillələşən» Azərbaycan imperiyanın təzyiq və təsirlərinə baxmayaraq həmişə milli-mənəvi dəyərlərinə sadiq qalmış, gizli də olsa dini mərasimlərini keçirmişdir. Müstəqillik əldə etdikdən sonra əsrlərdən bəri yaşanan İslami dəyərlər cahilliyə əsaslanan dini radikalizm, xurafat baxımından deyil, elmi-məntiqi, hüquqi əsaslar zəminində formalaşdı. Müstəqilliyimizin ilk illərindən demokratik yolla inkişafa üstünlük verilən Azərbaycanda vətəndaşların dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Ölkədə dini məsələlərin müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün tolerant şərait yaradıldı. Dövlətin din siyasəti respublikamızın milli maraqlarını, onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək, ümumiyyətlə, cəmiyyətdə sabit vəziyyət yaratmaq naminə təkmilləşdirildi. «Dini etiqad azadlığı haqqında”» Qanunun qəbulu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-din münasibətlərinin inkişafında yeni mərhələ başladı. Ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində bünövrəsini qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, «İçərişəhər» Cümə və Həzrət Məhəmməd, Əjdərbəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək, xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda ölkənin ən böyük dini ocağı «Heydər məscidi» inşa edilib. Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə «Multikulturalizm ili»nin elan olunması göstərdi ki, Azərbaycanda dinlərə eyni dərəcədə hörmətlə yanaşlıır.
16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü »nün hər il qeyd olunması, ISESCO-nun 2009-cu ildə Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi, 2018-ci ildə bu ada Naxçıvan Muxtar Respublikasının layiq görülməsi, ölkəmizdə Humanitar və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının, Ümumdünya Dini Liderlərinin Zirvə toplantılarının keçirilməsi təsdiqləyir ki, Şərqlə Qərb arasında tarixi körpü rolunu oynayan Azərbaycanın İslam dünyası ilə Qərb sivilizasiyası, eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoq və etimadın möhkəmləndirilməsində rolu əvəzsizdir.
İslami dəyərlərin geniş coğrafiyada yayılması, başqa dinlərə mənsub insanların müsəlmançılığı qəbul etməsi, bu dinin insanları haqqa ədalətə, düzgünlüyə, öz amalı uğrunda mübarizədə qətiyyətə səsləməsidir. Bu gün dünyada qlobal problemə çevrilmiş dini radikalizm və zorakı ekstremizmə, terrora qarşı mübarizədə də Azərbaycan fərqlənir. İslami dəyərləri ayinlərində yaşadan müqəddəs Qurban və Ramazan bayramlarının dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının İslami dəyərlərə bağlılığının nümunəsidir. Hər il İslam dininin təbliği uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucalan, Məhəmməd Peyğəmbərin ( s.ə.s) nəvəsi İmam Hüseyn və onun səhabələrinin qətlə yetirildiyi tarixin ölkəmizdə də hüzn günü kimi qeyd olunması, məscidlərdə namaz qılınması, kimsəsizlərə yardımlar göstərilməsi İslami dəyərlərin əsrlərdən bəri yaşadılan mənəvi keyfiyyətlərindəndir.
Bu gün bütün İslam aləmi üçün müqəddəs sayılan, əbədi yaşamaq rəmzi olan, şəhadət ayı hesab edilən Məhərrəm ayı başlanır. Məhərrəm ayının onuncu günündə İslam uğrunda mübarizə aparan , Kərbəla düzündə şəhid olanların şəhədət günü- Aşura taziyələri Azərbaycanda da hörmətlə qeyd olunur. Bu il pandemiya ilə əlaqədar dini mərasimlərin keçirilməsində fərqlilik qaçılmazdır.
Dünyanın hər yerində yayılan koronavirusun yaratdığı təhlükələrin qarşısının alınması üçün bütün dövlətlərdə siyasi, iqtisadi, mədəni tədbirlər, beynəlxalq yarışlar təxirə salınır. Dövlət başçılarının rəsmi görüşləri belə videoformatlar çərçivəsində keçirilir. Bütün dünyada kütləvi tədbirlər qadağan olunur. Hər yerdə insanların bir yerə toplaşması prosedurlarını tənzimləyən xüsusi qaydalar tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri, ekspertlər izdiham, mitinq, ayrı-ayrı mərasimlərin insan həyatı üçün ölümcül təhlükə olduğuna dair ardıcıl açıqlamalar, bəyanatlar verirlər. Pandemiya ilə əlaqədar Məhərrəm ayına və Aşura gününə xas ayinlərin, inancların kütləvi şəkildə deyil, bütün müsəlman aləmində razılaşdırılmış qaydalara uyğun, fərdi qaydada keçirilməsi məqsədəuyğundur. Dövlətimizin əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi naminə gördüyu işləri bütün vətəndaşlar kimi, Azərbaycan möminləri, inanclı şəxslər də yüksək qiymətləndirir, bu sahədə qəbul olunan qərarlara böyük hörmətlə yanaşır, yüksək məsuliyyət və intizamlı davranışları ilə qlobal bəla ilə mübarizədə iştirak edirlər. Pandemiyaya qarşı mübarizəsi təcrübə kimi digər dövlətlərə də nümunə göstərilən Azərbaycanda Aşura günü dindarların bir yerə yığışması yeni yoluxmaların sayının artıra, koronavirusla mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejiminin uzadılmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Xarici ölkələrin təcrübəsi də göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Bakıda keçirilən, dövlətimiz və Milli Ordumuzla həmrəylik aksiyasında minlərlə insanın iştirak etməsi sanitar-epidemioloji vəziyyətə mənfi təsir göstərdi. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək insanların sağlamlığına göstərilən qayğıdır. Nəzərə alaq ki, Müqəddəs «Qurani-Kərim»in bütün ayələri də birlik və bərabərliyə, sosial məsuliyyətə və xeyirxahlığa çağırışdr.
Onu da nəzərə çatdıraq ki, İslamın vacib şərtlərindən olan Həcc ziyarəti də bu il dayandırıldı. Ölkəmizdə Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi namazlar qılınmadı. Yəni, pandemiya şəraitində Aşura mərasiminin qeyd olunmamasında qeyri-adi səbəb yoxdur. Bu, məhdudiyyət bu günə qədər koronavirusa qarşı mübarizə ilə bağlı verilmiş qərarların məntiqi davamıdır. Möminlər bunu anlayışla və həmrəyliklə qarşılayırlar. Buna görə də kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir. Həmişə müqəddəs dəyərlərə hörmətlə yanaşan, nəcib keyfiyyətləri ilə seçilən milli-mənəvi dəyərlərini hər zaman yüksək tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində hazırkı çətinliyi də geridə qoyacaq, dini mərasimlərini növbəti illərdə davam etdirəcək. Azərbaycan xalqı, vətəndaşlarımız həmişə anlaşıqlıq, yüksək mədəniyyət nümayiş etdiriblər. Dindarlarımız da insanları hazırkı mürəkkəb vəziyyəti nəzərə almağa dəvət edir, çağırışlar səsləndirirlər.

