Son illər Bakının hər yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb
ARANTV.AZ xəbər verir ki, Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr sırasında abadlıq-quruculuq işlərinə xüsusi yer ayrılır. Bir çox küçə və prospektdə yaşayış binları və parkların müasir üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir.
Son illər Bakının hər yerində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Paytaxtda aparılan hərtərəfli sosial-iqtisadi inkişaf Yasamal rayonundan da yan keçməyib. İlin ötən müddəti ərzində rayonda 1112 daimi iş yeri yaradılıb. Dövlət başçısının tapşırığına əsasən, yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər daha da sürətləndirilib. Rayon ərazisində 18 məhəllədə abad həyətin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilib. Ölkənin cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsi yenidən qurulub. Yeni Yasamal yaşayış massivində yerləşən, baxımsız vəziyyətdə qalmış istirahət parkının əsaslı şəkildə yenidən qurulması işləri də yekunlaşıb. 1,7 ha ərazidə geniş abadlıq işləri aparılıb. Sakinlərin asudə vaxtının səmərəli təşkili üçün seyrangahlar və oturacaqlar quraşdırılıb. Parkda sakinlərin idmanla məşğul olmaları üçün qurğular, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlığından ibarət meydançalar salınıb. Parkın ətrafındakı bütün hündür mərtəbəli binalar da abadlaşdırılıb. Ötən müddət ərzində “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 2 yaşayış binası sakinlərin istifadəsinə verilib. Şərifzadə küçəsindəki 122 nömrəli ev də artıq haaırdır. “Sovetski” adlanan ərazidə isə sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası davam etdirilir. Bu mərhələdə köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektindən 1027 ünvanda daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilib və alqı-satqıya təqdim olunub. 31 yaşayış binasının müxtəlif materiallardan olan dam örtüyü təmir edilib. Rayonun 11 saylı körpələr evi-uşaq bağçasının yerində müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir və yaxın günlərdə istifadəyə veriləcək.

