Sağlam düşüncəli, elmli gələcək nəsillər üçün qızlarımızı təhsildən yayındırmayaq!
Dünyada olduğu kimi Azərbaycanda da qız uşaqlarının təhsildən yayınması, uzaqlaşdırılması halları çox önəmli sosial problemlərdəndir. Günü-gündən daha da inkişaf edən, müasirləşən dövlətimiz üçün Azərbaycanlı qızlarının cahil, təlim-təhsildən kənar böyüməsi faciəvi bir haldır.
Statistik göstəricilərə əsasən, hər il istər DİM-in buraxılış imtahanlarında, istərsə də ali məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərdən qızlar, oğlanlara nisbətdə dəfələrlə azlıq təşkil edir. Biz bu stereotipləri aşmalıyıq. Qızların təhsildən yayınması,ümumtəhsil pilləsini başa çatdırmadan təhsildən qopması, tez yaşda ərə verilməsi halları paytaxt Bakının kəndlərində, bir sıra cənub bölgələrində Masallı,Lerik, Yardımlı, Lənkəran, şimal bölgələrində Quba, Zaqatalada,bir sıra aran rayonlarında müşahidə olunur.Bu çox ürəkağrıdıcı və həlli vacib olan məsələdir.Məncə, bir milləti məhv etmək üçün elə qızları təhsildən uzaq tutmaq kifayət edər. Uşaqlarımızı həyata hazırlayan analarımızı, zəki, bilgili hala gətirmək üçün mütləq oxutmalıyıq. Qızlarına təhsil verən valideyin, demək olar ki, cəmiyyəti təhsilləndirmiş olur.
Ta qədim zamanlardan qız uşaqlarına qarşı uçurumlu münasibət, onların doğularkən diri-diri gömülmələrinə səbəb olmuşdur. Məhəmməd Peyğəmbərin sayəsində bu əməldən vaz keçən insanlar, sanki, əsirlərdən qalma eyni uçurumu bugünkü nəslə ötürmüşdü.Çox təəssüflər olsun ki, indiki zamanın da bir qism cahil insanları eyni stereotiplə, bir az fərqli yanaşırlar. Yəni, artıq cismi yox, təhsildən məhrum edərək mənən öldürlər.Qızlarına “oxuma xəyalı”nı belə qurmağa izn verməzlər. Ana-nənələrinin, tanıdıq qohum qadınların da məktəb üzü görmədiklərini,təhsildən uzaq sadəcə ev işinə yarayan biri olduqlarını görən qızlarda oxuma istəyi, qarşısına məqsədlər qoyaraq o məqsədlərə çatma istəyi sıfırlanır.
Əziz valideyinlər, siz qızlarınızın ev işlərində ustalığı, yemek bişirmə mərifətləri ilə öyünməkdən ziyadə, onlara dəstək olaraq oxuyub diplom almaları ilə öyünməlisiniz. Siz qızlarınızın çətin situasiyalarda özünü müdafiə edəcək gücə sahib, haqq və hüquqlarını bilən bir şəxsiyyət olmasına çalışmalısınız. Bunun üçün də onun oxumaq, təhsil almaq hüququnu əlindən almamalısınız.
Qızlar oxumalıdır ki, gələcəyin uşaqları sağlam psixoloji durumda, bilgilənərək böyüsünlər və həyatda asanlıqla özlərinə yer tuta bilsinlər.
Dahi dramaturq C. Cabbarlı “Sevil”pyesində ailəsinə, yoldaşına bağlı olan, lakin xəyanətə uğrayan Sevil obrazının timsalında Azərbaycan qadınının yüksəliş yolunu təsvir etmişdir. Əsərin sonunda bağışlanması üçün yalvaran Balaşı bağışlamayan Sevil Azərbaycan qadınını azadlığa çağırır.
Allah Təala insanları sevərək dünyaya bəxş edir və onlar arasında ayrı-seçkilik etmir. Dini nöqteyi-nəzərdən də elmin, təhsilin çox əhəmiyyətli olduğunu bilirik. Lakin, burada da özlərini dindar sayanların qız uşaqlarını məktəbdən uzaqlaşdırılması və ya ərə verilməsi onların cahiliyyətindən xəbər verir. Əsil dindar, dinini sevən elm öyrənməyin və öyrətməyin necə böyük savab olduğunu bilməlidir. Burada isə, dindar, satirik şairimiz, çox sevdiyim M. Ə. Sabir yadıma düşdü. Sabir yaradıcılığında elm-təhsil məsələləri, tərbiyə və əxlaq problemləri ilə vəhdətdə qələmə almışdır.
Satmaram öz əqlimi siz kimi laməzhəbə
Razıyam oğlum gedə qəbrə,-nə ki məktəbə!
Məktəb adın çəkməyin,- mələbədir, mələbə!
Əlhəzər, ondan həzər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Deyən şair güclü sarkazm işlədərək, tipi öz dili ilə danışdıraraq tənqid atəşinə tutmuşdur.Bax,öz övladlarını, qızlarını da təhsildən soyudan, oxutmuram deyən bele dardüşüncəli adamlar var. Sabir cəmiyyətdə gedən proseslərə fəal münasibət bildirən ziyalı kimi, həm elmi,təhsili, maarif və mədəniyyəti təbliğ edən əsərlər yazır, həm də uşaqlar üçün “Məktəb uşaqlarına töhvə”, “Məktəbə tərğib”, “Elmə tərğib”, “Məktəb şərqisi”və.b şeirləri ilə uşaq ədəbiyyatının yaradıcılarından birinə çevrilir.Bu şeirlərində Sabir uşaqların cəmiyyətdə əsl vətəndaş kimi formalaşmasında məktəbin müstəsna rolunu göstərir, onları məktəbə, elmə, təhsilə səsləyir və çalışqan, bilikli, əxlaqlı olmağın zəruriliyini nəzərə çatdırırdı.
Azərbaycan Şərqdə qadına seçki hüququ verən ilk ölkədir. 1923-cü ildə “Şərq qadını”jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 25ci maddəsinə əsasən, hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit olunmuşdur.Bəli, qadınlar da kişilər kimi bərabər hüquqlara malikdir. Lakin,qadınlar ,qızlar zərif cinsin nümayəndələridir.Bizlər qızlarımıza, oğul övladlarımızdan daha çox qayğılı yanaşmalı və maddiyyat ucbatından oxutmaqla bağlı seçim qarşısında qalarıqsa, əlbəttə, qızlarımızı seçməliyik. Çünki, oğul övladları sabah ən çətin məqamda daş qaldıra biləcək, fəhləlik edərək və ya hər hansı fiziki güc tələb edən ağır işlərdə çalışaraq ailəsini dolandıra biləcək. Qızlar isə buna qadir deyil və biz qızlarımıza təhsil verərək bir ömür onların həyatlarını sığortalamış oluruq. Biz onları təhsilə yiyələndirməklə, onların simasında özgüvənli, özünə inanan və öz ayaqları üzərində duraraq kimsənin qarşısında alçalmadan, şərəflə yaşayan peşə sahibi qızlarımızı, gələcəyin analarını görərik.
Azərbaycanda hörmətli, vətənini ucalara qaldıran, ziyalı qadınları çoxdur. Bunlardan, ilk qadın jurnalı olan “İşıq”ın redaktoru Əlibəyova Xədicə xanım, ilk maarifçi qadınlardan biri, qızlar üçün məktəb açmış Həmidə xanım, görkəmli oftalmoloq, professor Zərifə xanım, ilk Azərbaycan qadın professoru, əməkdar elm xadimi Sona xanım Vəlixan, ilk azərbaycanlı gəmi kapitanı, “Qırmızı ulduz”ordeni ilə təltif olunmuş Səlimova Şövkət,ilk qadın xarici işlər naziri Tahirova Tahirə, Azərbaycanın ilk bəstəkar qadını Rzayeva Ağabacı, şərqdə ilk opera yazmış Şəfiqə xanım Axundova, ilk qadın jurnalist Salatın Əsgərova və.b vardır. Biz,onların hər biri ilə qürur duyuruq, fəxr edirik. Lakin, o cür qadınlarla müqayisədə şiddətə, zorakılığa məruz qalan,hətta körpələrin gözü önündə vəhşicəsinə qətlə yetirilən qadınlarımız, qızlarımız var. Biz hər birimiz pedaqoq kimi, psixoloq kimi, jurnalist kimi daim maarifləndirici yardımlar etməliyik. Nə qədər ki, ailələr öz qızlarını təhsildən məhrum edəcək, o qədər də hüquqlarını bilməyən, özünü müdafiə etməyi bacarmayan bədbəxt qadınlar yetişəcək. Onlar da öz növbəsində bədbin, həyatdan sınmış, psixi, ruhsal zəifliyə sahib fərdlər yetişdirəcəklər.
Ölkə prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq. Ümid edirəm və çox arzulayıram ki, ölkəmizdə bir nəfər də olsun təhsilsiz qızımız qalmasın.
Əziz valideyinlər, övladlarınıza, qızlarınıza təhsil vermək, onlara dayaq olmaq sizin valideyinlik borcunuzdur.Onların uşaqlıqlarını, yetkinlik çağlarını, yaşam sevinclərini, xəyallarını, arzularını əllərindən almayın. Qızlarınızı təhsilsiz baxar korlardan, yaşarkən ölmüşlərdən etməyin, lütfən!
Məmmədova Əsmər- pedaqoq

