Sosial 

Vətəndaşın ərazisinin zəbt edilməsi ilə bağlı iddialara rəsmi cavab verildi – FOTO

Biləcəri qəsəbəsində yaşayan sakin həyətinə zibil konteynerləri qoyulduğunu iddia edir.

Bu barədə Oxu.Az-a qəsəbə sakini Həmidağa Əsgərov məlumat verib.

Onun sözlərinə görə, hazırda zibil konteynerlərinin qoyulduğu ərazi onun həyətyanı sahəsinə aiddir:

“Bu ərazidə illər əvvəl natəmizlik vardı. Zibil konteynerləri yox idi. İcra hakimiyyətinin nümayəndələri səliqə yaratmaq məqsədilə ərazidə müvəqqəti də olsa zibil konteynerlərinin qoyulması üçün mənimlə danışdı. Mən də bu ölkənin vətəndaşı kimi narazılıq etmədim, müvəqqəti icazə verdim. Amma sonra bu ərazini təmizləmədilər.

Dəfələrlə zibil qutularının yerini aşağıdakı, ya da yuxarıdakı küçəyə dəyişmələrini xahiş etsəm də mənə bunun mümkünsüz olduğunu bildiriblər. Bu yer mənim yaşadığım evin həyətidir. Zibil qutuları dolub-daşır. Üfunət əlindən dayanmaq olmur. Aidiyyəti qurumlar isə problemin həlli üçün heç bir iş görmürlər”.

Məsələ ilə bağlı aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılıb:

“Bildirmək istəyirik ki, iddia edilən ərazi (Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsi “Rahat” marketlə üzbəüz) uzun illərdir sakinlər tərəfindən məişət tullantıları üçün meydança kimi istifadə edilib. Ötən illərdə rayonumuzda aparılan abadlıq-quruculuq işləri çərçivəsində həmin tullantı meydançasında da təmir işləri aparılıb və həmin ərazidə yeni məişət konteynerləri yerləşdirilib”.

Eyni zamanda qeyd edək ki, məişət tullantıları üçün nəzərdə tutulmuş meydançalar şəxsi mülkiyyət olmayan və uzun illər sakinlərin istifadə etdiyi dislokasiyaya uyğun olaraq təşkil edilir.

Daha çox xəbərlər