Sosial 

Vətəndaş məmnunluğunun artırılması günümüzün əsas çağırışlarındandır

Sosial dövlət kimi mövqeyini möhkəmləndirən Azərbaycanda islahatların  mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır

 

2020-ci ilin  8 ayı artıq  arxada qalıb. Son  altı ay COVID-19-la mübarizə tədbirləri çərçivəsində görülən işlərlə yadda qalıb. Dövlətimizin başçısı İlham Əliyev koronavirus infeksiyası ilə mübarizə  tədbirlərindən öncə  İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən qarşıya bu məqsədləri qoymuşdu: «Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.»

Ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu bu vəzifələrin uğurlu icrasına xidmət edən 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında Nazirlər Kabineti 4 sektoru, 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramını təsdiqlədi. Sosial dəstək və məşğulluq tədbirləri davamlılığı ilə diqqət çəkir. Dövlətimizin həyata keçirdiyi məşğulluq və sosial dəstək tədbirləri  Ümumdünya Səhiyyə Təşkilatınının rəsmiləri tərəfindən də yüksək dəyərləndirilərək, Azərbaycanın bu qlobal bəladan az itki ilə çıxacağı böyük əminliklə ifadə olundu. Ölkəmizin  koronavirusla mübarizənin birinci mərhələsindən  az itki ilə çıxması da düzgün  seçilən yolun nəticəsidir. Cənab İlham Əliyev insanların sağlamlığının təminatını öndə saxlamaqla yanaşı, sosial müdafiələrinin gücləndirilməsinə də xüsusi diqqət yönəldildi. Əsas olan vətəndaş məmnunluğunun artırılmasıdır. 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması, bəzi dəyişikliklərin edilməsi də cənab İlham Əliyevin yuxarıda qeyd etdiyimiz görüşündə  qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq atılan addımlar sırasındandır. Dövlət büdcəsinin sosialyönümlülüyünün artırılması, neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi əhalinin sosial rifahının yaxşılaşdırılması üçün geniş imkanlar yaradır. Pandemiya dövründə cənab İlham Əliyevin bölgələrə səfərlərində də heç bir təxirəsalınmalar müşahidə olunmur. Əksinə, səfərlərin say tərkibinə və bu çərçivədə açılışı və təməlqoyma mərasimləri keçirilən müəssisələrə diqqət yetirdikdə insan amilinə verilən  dəyərin prioritetliyi daha aydın görünür. Hətta cənab İlham Əliyev həmişə olduğu kimi,  pandemiya dövründə də regionlara hər səfərindən sonra həmin bölgələrin sosial-iqtisadi  inkişafının sürətləndirilməsi məqsədilə əlavə Tədbirlər Planını təsdiqləyir və Prezidentin  Ehtiyat Fondundan müəyyən məbləğdə vəsaitlər ayrılır. Hazırda infrastruktur layihələrinin uğurlu icrasına daha  çox diqqət yönəldilir. Bu da təbii ki, ölkədə sahibkarlığın inkişafına verilən önəmdən və postpandemiya dövrü üçün nəzərdə tutulan tədbirlərdən irəli gəlir.

Atdığı hər addımı ilə vətəndaşının yanında olduğunu təsdiqləyən cənab İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Bu fikirlər ölkə vətəndaşlarının pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı dövlətimizin başçısına  ünvanladıqları təbrik məktubunda da öz əksini tapır ki,  cənab İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə  öz şəxsi keyfiyyətləri  və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən   tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara  daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət  göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır.

Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir. Daim öz xalqının yanında olmaq, onun çətinliklərinə, problemlərinə həssaslıqla yanaşıb onların operativ həlli istiqamətində əsaslı tədbirlər görmək Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətidir. Dövlətimizin başçısı  daim qeyd edir ki, məmurlar xalqın xidmətçisi olduqlarını unutmamalıdırlar:  “Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir.”

Bu gün dövlətimizin başçısı  yeni kadr islahatları ilə həm də məmur-vətəndaş münasibətləri sahəsindəki irəliləyişlərin, müsbət tendensiyaların yüksələn dinamika üzrə davamına xidmət edir. Yuxarıda da qeyd etdiyimiz kimi, biz ölkənin istənilən bölgəsində bir təbii fəlakət baş verəndə Prezidentimizin vaxt itirmədən xalqın yanında olduğunu görürük. Dövlətimizin  başçısı hər dəfə problemlə yerində tanış olmaq və təbii fəlakətdən ziyan çəkmiş insanların çətinliklərinin operativ həlli üçün şəxsən özü hadisə yerlərinə baş çəkir. Bu, xalqımızın  bir daha öz seçimində yanılmadığını göstərən çox mükəmməl bir örnəkdir. Dövlətimizin başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacib məsələdir.

“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil.  Prezident İlham Əliyevin, Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təkmil islahatlar öz müsbət nəticəsini verir. Bu islahatlar dövlətimizin daha da gücləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına hesablanıb.

Pandemiya ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə  3-cü DOST mərkəzinin açılışı da sosial layihələrin təxirə salınmadığını təsdiqlədi. Ölkə Prezidenti  Azərbaycanın sosial xidmət sahəsində əldə etdiyi yeniliklərdən, DOST mərkəzlərinin fəaliyyəti fonunda şəffaflığın təmin edilməsindən, vətəndaş məmnunluğunun artmasından geniş bəhs edərək bildirmişdir ki, vətəndaşların bəyənmə əmsalı 96 faizə çatıb. Burada tətbiq olunan innovasiyalar gələcəyə baxışımızla tam uzlaşır. Çünki innovativ inkişaf həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur. Bir sözlə, DOST sosial təminat sahəsində böyük yenilikdir. Azərbaycanın bu sahədə də təcrübəsi nümunədir.

Cari ildə  əldə olunan sosial-iqtisadi göstəricilər, sosial sahədə görülən işlər 2019-cu ildə həyata keçirilən tədbirlərin məntiqi davamıdır. 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi daxil oldu. Ötən ildə təsdiqlənən iki sosial paket əsasında 4,2 milyon insanın sosial rifah halı yaxşılaşıb. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artıb.  Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB məkanında lider dövlətdir. Dünyanı bürüyən pandemiyaya (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərin əsas mahiyyətində də insanların sağlamlığının təminatı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi, ən əsası bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlara dövlət dəstəyi əsas yer tutub. Cənab İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalı açılışında videoformatda iştirakı zamanı  başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyətin daha yaxşı olduğunu önə çəkərək bildirmişdir ki,   bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb.

Cari ildə 90 min ödənişli ictimai iş yerlərinin açılması nəzərdə tutulub. Özünüməşğulluq proqramında 12 min insan əhatə olunacaq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan hər bir addım ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.  “ASAN xidmət”, ABAD, DOST kimi layihələrin davamı olaraq dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında Azərbaycan İnvestisiya Holdinqinin yaradılması da ölkəmizdə iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsinə, dövlət şirkət və müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasına, şəffaflığın qorunmasına, bir sözlə, vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Pandemiya dövründə Azərbaycan təcrübəsinin dünyada təqdir olunması da inkişaf modelimizin nümunəviliyindən irəli gəlir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu müddətdə Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də davamlı tədbirlərin keçirilməsinə nail olub. Dövlətimizin başçısı İlham Əliyevin  təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın birlik, həmrəylik çağırışlarını əməldə təsdiqlədiyinə sübutdur. Azərbaycan bu günə qədər 30-dan artıq ölkəyə  yardım göstərib. Uğurlarımız fonunda bu əminlik də ifadə edilib ki, Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaq, postpandemiya dövründə yeni inkişaf modeli ilə dayanıqlı inkişaf təmin ediləcək, əhalinin sosial müdafiəsi daha da gücləndiriləcək, ölkəmiz uğurlu sosial dövlət imicinə yeni-yeni əlavələr edəcək.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq aləmdə  sosial dövlət kimi yeri və rolunu möhkəmləndirir. Sosial dövlətdə  islahatların  mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır.  «İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir» söyləyən cənab İlham Əliyev bildirir ki,  söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir.  Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir: «Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!» Cənab İlham Əliyevin pandemiya dövründə də kadr islahatlarını kənarda saxlamayaraq yeni təyinatları videoformatda qəbul edərkən onlara öz tapşırıq və tövsiyələrini çatdırır.  Yenə də əsas olan onların xalqla bir olması, onların içərisində olaraq qayğılarını öz dilindən eşidib həlli istiqamətində addımlar atmasına göstərişlərin verilməsidir. Prezident İlham Əliyev bu günlərdə Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin Azərbaycanda sözdə yox, əməldə aparıldığını xüsusi qeyd edərək bildirmişdir ki, bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir: «Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram. Siz də öz işinizdə insanlara arxalanmalısınız və rayonlarda ictimai nəzarət mexanizmi təkmil olmalıdır. O, sizə də öz işinizdə kömək göstərəcək. Sizin diqqətinizdə olmayan bəzi məsələlər ictimaiyyət tərəfindən sizin diqqətinizə çatdırılacaq və beləliklə, bu məsələlər öz həllini tapacaq.»

Təbii ki, söhbət insanlara diqqət və qayğıdan, sosial dövlət anlayışından gedirsə, cəmiyyətdə sosial ədalətə, sülhə və əməkdaşlığa söykənən münasibətlər formalaşmalı,  hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı,  göstərilən  xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi amilləri önə çəkərək hər bir çıxışında bildirir ki, əgər  insanlar görülən işlərdən razı qalarsa, onda mən də razı olaram. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi böyük ruh yüksəkliyi yaradır. Cənab İlham Əliyev bu məqamı da xüsusi vurğulayır ki, mən xalqa güvənir, xalqdan güc alıram.

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirləri ölkəmizdə dövlət-vətəndaş birliyini bir daha ortaya qoydu. Cənab İlham Əliyev atdığı hər bir addımı ilə vətəndaşların yanında olduğunu, onların qayğıları ilə maraqlandığını, aidiyyəti qurumlara tapşırıqlar verdiyini, ən əsası şəffaflığın təminatı, vətəndaş məmnunluğunun artırılmasında əsas faktor olan korrupsiyaya qarşı mübarizəni daha da aktuallaşdırdı. Dövlətimizin başçısı İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə  hər görüşünə diqqət yetirərkən onun səmimiyyətinin, insanların qayğıları ilə yaxından tanış olmasının və həlli istiqamətində atdığı addımların əhalidə nə qədər xoş ovqat, yüksək əhval -ruhiyyə yaratıdığını görürük. Bu gün paytaxt və bölgələrə, kənd və qəsəbələrə diqqət yetirərkən böyük inkişafın, tərəqqinin, sağlam rəqabətin şahidi oluruq. Xalqımız tam əmindir ki, dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri, qətiyyətli addımları nəticəsində COVID-19-la mübarizədən qalib çıxacaq, postpandemiya dövrü üçün nəzərdə tutulan  Tədbirlər Planını gələcəyə nikbin ruhda uğurla həyata keçirəcəyik.

Yeganə Əliyeva«İki sahil»

Daha çox xəbərlər