Hadisə 

“Abşeron Zeytun” MMC-nin işçisini qətlə yetirənlərin məhkəməsi başlayır

“Abşeron Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşı Bağır Piriyevin öldürülməsi, habelə digər əməkdaşları Filman Piriyev və Fərhad İsmayılova qarşı xuliqanlıq edilməsi faktı üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 28 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində Ramil Ağayevin qardaşı Kənan Ağayev ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus bağa gedərək zeytun yığarkən, cəmiyyətdə zeytun yığımına nəzarət edən və orada sahə rəisi işləyən Bağır Piriyev, mühasib Filman Piriyev və fəhlə Fəhrad İsmayılov onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyib. Ərazini tərk etmələri istəndikdə Ramil Ağayev və qardaşı Kənan Ağayev sonunculara getməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini bildiriblər.

Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı Ramil Ağayev qardaşı Kənan Ağayevlə birlikdə xuliqanlıq hərəkətləri edərək yumruqla, təpiklə və taxta dəyənəklə Bağır Piriyevə zərbələr vurmasına, sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Filman Piriyevə silah qismində istifadə etdiyi taxta dəyənəklə vuraraq xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Ağayev Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), Ramil Ağayev isə Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq etmə) maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Daha çox xəbərlər