Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb – FOTO
Məişət tullantılarına qərq olan tarixi abidə nəzarətə götürülüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib.
O bildirib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə məişət tullantıları ilə zibilləndirilmiş Hacı Abbas hamamında təmizlik işlərinə başlanılıb:
“Abidənin içərisi və ətrafı zibildən təmizlənir. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tarixi tikili dəfələrlə zibildən təmizlənsə də eyni hallar yenidən təkrarlanıb. Buna səbəb yaxınlıqda zibil qutularının olmamasıdır. Həmin əraziyə yaxın yerdə zibil qutuları qoyulacaq”.

