Son 3 ayda inflyasiya meyllərində azalma davam edir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin 10 faizdən 9.75 faizə endirilməsi haqqında qərar qəbul edib. Mərkəzi Bankda keçirilən mətbuat konfransında bu barədə məlumat verilib. O da bildirilib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 45 milyard ABŞ dollarıdır.
Mərkəzi Bank İdarə Heyətinin son toplantısından ötən dövr ərzində inflyasiya azalmaqda davam edib. 9 aylıq orta illik inflyasiya Mərkəzi Bankın bu ilki hədəf dəhlizindən aşağıda formalaşıb. Yəni, 6-8 faizə qarşı 2.6 faiz. Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür. Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov bu barədə məlumat verdi. Bildirdi ki, istehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir. Son makroiqtisadi proqnozların ilin sonuna 3-4 faiz səviyyəsində qərarlaşacağını göstərir.
Beynəlxalq konyunktur son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qalıb. Ümumilikdə 9 ayda neftin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 38 faizədək artıb. Bu şəraitdə tədiyə balansının profisiti artmaqda davam edir. İlin 9 ayında xarici ticarət balansında ÜDM-in təxminən 19%-i səviyyəsində müsbət saldo yaranıb. Qeyri-neft ixracı ötən ilin eyni dövrünə nisbətən 13% artıb. Ticarət tərəfdaşımız olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməyib. Bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilən pul siyasəti qərarları, o cümlədən faiz dərəcələrinin yüksəldilməsi maliyyə bazarlarını stabilləşdirib. Daxili valyuta bazarında tarazlıq qorunub və ölkənin strateji valyuta ehtiyatları 45 mlrd. ABŞ dollarına çatıb. Proqnozlara görə, xarici mühitdə pozitiv meyillərin ilin sonunadək davam edəcəyi gözlənilir. İqtisadi artım qeyri-neft sənayesində 10.7%, kənd təsərrüfatında 4.3% təşkil edir. Mərkəzi Bankın apardığı sorğular əsasında hesablanan biznes inam indeksi tikinti istisna olmaqla bütün sahələrdə iqtisadi aktivliyin nisbətən yüksəldiyini göstərir. İqtisadi artım həm xarici, həm də daxili tələblə dəstəklənir.

