“Bərpa olunan enerji mənbələri haqqında” qanun layihəsi hazırlanır
ARANTV.AZ xəbər verir ki, “Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsi hazırlanır. “Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit” mövzusunda keçirilən tədbirdə bununla bağlı müzakirələr aparılıb.
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə genişləndiriləcək. Bu məqsədlə artıq hüquqi bazanın yaradılmasına başlanılıb. “Bərpaolunan enerji mənbələri haqqında” qanun layihəsi beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanacaq. Beynəlxalq şirkətlər də məsləhətçi qismində cəlb olunacaq.
Yeni qanun layihəsinin hazırlanması üçün Energetika Nazirliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı, bəzi dövlət qurumları və xarici ekspertlər “Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafı, qanunvericilik və tənzimləyici mühit” mövzusunu müzakirə etdilər. Energetika nazirinin müavini Samir Vəliyev bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə rəhbəri İvana Fernandes Duarte dedi ki, qurum alternativ enerji sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Tədbirdə bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansında payının artırılması, özəl investisiyaların cəlbi, güzəştli tariflərin tətbiqinə dair sənədlərin hazırlanması da müzakirə olundu.
Vurğulandı ki, külək, günəş və digər mənbələrdən alınan enerjinin şəbəkəyə ötürülməsi, eləcə də qoşulmanın maneəsiz təmini üçün Azərbaycanın enerjisi şəbəkəsi təhlil ediləcək.

