“2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təqdimatı olub
ARANTV.AZ xəbər verir ki, İnflyasiyanın hədəflənməsi rejiminə keçid proqamı ilin sonunadək yekunlaşacaq. “2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təqdimatında belə deyilib. O da bildirilib ki, ölkənin xarici ticarət balansında müsbət saldo artıq 20 faizə yaxınlaşır.
İqtisadi inkişafın mühüm göstəricilərindən sayılan rəqəmsallaşma həm də dövlətlərarası rəqabətin əsas əlamətlərindən birinə çevrilib. “2018–2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” iqtisadiyyatın inkişafına mühüm töhvə verəcək. Dövriyyədə nağd ödənişlərin payı azalacaq. Proqramın təqdimatında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov belə dedi. Bildirdi ki, Azərbaycan qlobal ticarət sistemində yaxından iştirak edir. Qeyri-neft ixracının artması da göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi üzrə həyata keçirilən siyasət nəticəsini verir. Makroiqtisadi dayanıqlılıq yaxın illərdə də davam edəcək. Növbəti dövrdə də qiymət sabitliyi maliyyə siyasətinin əsas hədəflərindən olacaq. İqtisadiyyatın başlıca sektorlarında isə artım davam edir. Xüsusən qeyri- neft məhsullarının ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faizlik artım qeydə alınıb. Hazırda isə milli iqtisadiyyatda sabitlik göstəricisi var və ölkənin xarici ticarət balansının müsbət saldosu 20 faizə çatır.
Bank sektorunda maliyyə vasitəçiliyinin artırılmasının əsas məqsədlərdən olduğunu deyən Elman Rüstəmov bildirdi ki, inflyasiyanın hədəflənməsi rejiminə keçid proqamı ilin sonunadək yekunlaşacaq. Mərkəzi Bank növbəti dövrdə də qiymət sabitliyinin təmin etməyə çalışacaq. Qarşıda duran digər məsələ isə daxili maliyə bazarlarının aktivləşdirilməsi ilə bağlıdır. Ölkədə həyata keçirilən islahatlar proqramı gələcəyə nikbin baxmağa imkan verir. O da qeyd edildi ki, Azərbaycandakı Amerika Ticarət Palatası dövlət-özəl sektor əməkdaşlığının nümunəvi modelinin yaradılmasında mühüm rol oynayıb.

