Əli Həsənov: Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı KİV-də yayılan materiallar Prezident İlham Əliyevin diqqətindədir
ARANTV.AZ xəbər verir ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynayan, Stalin repressiyasının qurbanı olan və 1938-ci ildə güllələnən şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Prezident İlham Əliyevin diqqətini cəlb edib. Bu haqda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.
Prezident İlham Əliyevin məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verdiyini deyən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözlərinə görə, tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək. Əli Həsənov onu da qeyd edib ki, Azərbaycan Prezidenti həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olan ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, dövlət başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt Prezident İlham Əliyev məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq verdi, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etdi və önünə gül dəstəsi qoydu. Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması barədə yayılan məlumatların hazırda dövlət başçısının nəzarətində olduğunu qeyd edən Əli Həsənov məsələnin ciddi araşdırılması ilə bağlı qısa zamanda müvafiq tədbirlərin görüləcəyinə və nəticə barədə ictimaiyyətə məlumat veriləcəyinə əminliyini ifadə etdi.

