Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
ARANTV.AZ xəbər verir ki, Milli Məclis iki günlük müzakirələrdən sonra ölkənin əsas maliyyə sənədini-2019-cu ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda qəbul edib. Büdcə paketinə daxil digər qanun layihələri – “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-ci il büdcəsi” və “İşsizlikdən sığorta fondunun 2019-ci il büdcəsi” haqqında qanun layihələri də müzakirə olunub.
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkilləri bildirdilər ki, ölkənin əsas maliyyə sənədinin mühüm cəhəti onun sosial yönümlülüyün saxlanılması, xərclərinin məqsədli şəkildə proqnozlaşdırılmasıdır. 2019-cu ildə də əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulub. Gələn il sosialyönümlü xərclərə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək ki, bu da 2018-ci illə müqayisədə 9,9 faiz çoxdur. Növbəti ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,4 faiz təşkil edəcək. Növbəti ildə səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz təşkil edəcək ki, bu da 2018-ci illə müqayisədə 1 faiz bənd çoxdur. Gələn il ayrı-ayrı kateqoriyadan olan vətəndaşların mənzl şəraitinin yaxşılaşdırılması da dövlətin diqqətində saxlanılan məsələlərdən olacaq. Növbəti ildə icmal büdcənin gəlirləri 29 milyard 724,6 milyon manat, xərcləri 27 milyard 372,3 milyon manat nəzərdə tutulub. Dövlət Neft Fondundan transfertin məbləği 11 milyard 364,3 milyon manat müəyyənləşdirilib. 2019-cu ildə dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7316,0 milyon manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 3451,6 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olundu. Sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-ci il büdcəsi” və “İşsizlikdən sığorta fondunun 2019-ci il büdcəsi” haqqında qanun layihələri müzakirə olundu. Növbəti ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928,1 milyon manat nəzərdə tutulur. Bu isə cari ilin proqnozu ilə müqayisədə 9,8 faiz çoxdur. İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri isə bərabər olaraq 83,5 milyon manat proqnozlaşdırılıb. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcbli gələn il üçün ölkədə mütərəqqi vergi islahalarının aparılacağını bildirərək diqqətə çatdırdı ki, yeni sistemin tətbiqi ölkədə qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək. Nəticədə sığorta haqlarının ödənişləri hiss olunacaq dərəcədə sürətlə artacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev isə diqqətə çatdırdı ki, hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 309 min nəfər əmək pensiyası, 509 min nəfər müxtəlif növ müavinətlər, 64 min nəfər Prezident təqaüdlərii, 50,2 min ailənin 200,2 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 340 milyon manatdan çox vəsait ödənilir. Hesablamalara əsasən, 2019-cu ildə ölkədə doğulanların sayının 150 min nəfər, gözlənilən ömür uzunluğunun 75,7 yaş olacağı, 15-64 yaşadəklı, yəni əmək qabiliyyətli yaşda olanların ümumi əhalinin 71 faizini, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,4 faizini təşkil edəcəyi gözlənilir. İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 994 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 548 min nəfər olacağı, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının ilin əvvəlinə nisbətən 14,9 faiz artaraq 641,7 manata çatacağı proqnozlaşdırılır. Əmək pensiyaçılarının orta illik sayının 1 milyon 294 min nəfər təşkil edəcəyi gözlənilir.
Bildirildi ki, əhalinin məşğulluğunun təmin olunması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara əmək bazarının tələblərinə uyğun peşə və bacarıqların öyrədilərək əmək bazarına qaytarılması ölkədə məşğulluq sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərindədir. Ötən il özünü məşğulluq proqramına min ailə cəlb olunmuşdusa, bu il prosesə 7737 ailə cəlb edilib. Onlardan 6530-u proqramı uğurla keçərək özlərinin biznes planlarını təsdiqləyiblər. Artıq onlara aktivlərin paylanmasına başlanılıb. Diqqətə çatdırıldı ki, bu prosesə qoşulanlar arasında həssas kateqoriayadan olanlar çoxluq təşkil edir. Növbəti ildə İşsizlikdən Sığorta Fondunun büdcəsinin 50,4 faizinin özünüməşğulluq proqramına yönəldilməsi bu prosesin əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq 8 mindən çox ailənin proqramla əhatə olunmasına şərait yaradacaq.

