Fatma Yıldırım: “Azərbaycan özünün möhtəşəm gücünü dünyaya nümayiş etdirdi”
“Azərbaycan dövləti özünün möhtəşəm gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi ilə erməni işğalına son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə nəticələndi. Beləliklə, 44 gün ərzində 30 illik aysberq əriməyə başladı”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyi Şuşada dalğalanması Böyük Vətən müharibəsinin dönüş nöqtəsi oldu, düşmənin beli tamamilə qırıldı. Növbəti gün ərzində 72 kənd və bir çox yüksəkliklərin işğaldan azad olunması bunun göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış bəyanat Azərbaycanın siyasi qələbəsi oldu:
“Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdədir, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistanı irəli sürülən şərtlərə əməl etməyə məcbur etdi. Bu bəyanat Ermənistanın tam məğlubiyyəti deməkdir və özündə çox vacib məqamları əks etdirir. İllərdir dırnaqarası müstəqillikdən bəhs edən düşmənə bu bəyanatla heç bir status verilmədi. Bununla da onların müstəqillik xəyalları darmadağın edildi. Biz Azərbaycan Respublikası ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə vermədik. Eyni zamanda, diqqət çəkən məqam ondan ibarətdir ki, hələ də işğal altında qalan üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən düşməndən geri alınır. Bu torpaqların dəqiq qrafik üzrə yaxın günlərdə bizə qaytarılması tələbimiz düşmən tərəfindən qəbul olundu. Paşinyanı bu tələbləri qəbul etməyə məcbur edən döyüş meydanında reallaşdırdığımız zəfərlərimizdir.
Nəhayət ki, 30 ildir torpaq həsrəti ilə yaşayan həmvətənlərimiz evlərinə qayıdacaqlar, öz doğma yurdlarına qovuşacaqlar. Digər mühüm bir məqam isə, dövlətimizin bir hissəsi olan Naxçıvanla quru yolla əlaqənin bərpa olunmasıdır. Azərbaycan üçün bu, tarixi əhəmiyyət kəsb edir. Bu yol bütövlükdə türk dünyasını birləşdirəcək. Eyni zamanda, kommunikasiyanın bərpası, həmçinin Azərbaycanın Türkiyə vasitəsilə Avropaya çıxışını qısa yolla təmin edəcək. Yeri gəlmişkən, Türkiyənin 44 günlük müharibədə siyasi və mənəvi dəstəyi Azərbaycanın Vətən müharibəsindəki parlaq qələbəsində misilsiz rol oynadı.
Türkiyə əldə edilmiş razılaşmada da aktiv iştirak edir, bu fakt bizim milli maraqlarımıza tam uyğundur, qardaş ölkə bu razılaşmalara əməl edilməsinə Rusiya ilə birgə nəzarəti həyata keçirəcək. Hesab edirəm ki, Türkiyənin regionda böyük güc olduğu təsdiqləndi və bundan sonrakı mərhələdə də daim Azərbaycanın yanında olacağı rəsmi şəkildə bəyan edildi. Bütövlükdə isə münaqişənin hazırkı mərhələdə həlli məsələsində Rusiya ilə Türkiyənin fəal iştirakı ilə 30 ilə yaxın müddətdə problemin həlli istiqamətində heç bir irəliləyişə nail olmayan Minsk qrupu da tarixə qovuşdu”.
Deputat qeyd edib ki, sülhməramlıların bölgədə mövcudluğu beş il müddətinə nəzərdə tutulur.
Fikrimcə, sülhməramlı qüvvələr bizim istədiyimiz məqsədlərə çatmağımıza əngəl deyil. Əksinə regionda sülhün və ədalətin bərqərar olunmasına xidmət göstərəcək. Biz cənab Ali Baş Komandanımızın uzaqgörən siyasətinə inanırıq. O nəyin, nə vaxt ediləcəyini daha yaxşı bilir. Xalq olaraq bu günə kimi onun qərarlarına güvənərək addımlamışıq və möhtəşəm qələbə əldə etmişik.
“Bütövlükdə, hesab edirəm ki, qazandığımız qələbənin, zəfərlərin əsasında xalq-iqtidar birliyi, diplomatik uğurlarımız, siyasi-iqtisadi gücümüz və müasir orduya sahib olmağımız dayanır. Bu müddət ərzində Azərbaycan xalqı ordumuzla, Ali Baş Komandanımızla möhtəşəm birlik nümayiş etdirdi. Bu amil bizim qələbəmizdə çox mühüm rol oynadı. Qarabağın işğaldan azad olunması uğrunda mübarizədə Azərbaycan dövləti öz gücünü, qüdrətini və qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Hörmətli Prezidentimizin dediyi kimi, heç bir qüvvə bizim qarşımızda dayana bilməz və belə də oldu. Düşünürəm ki, bundan sonra Azərbaycan tarixində yeni mərhələ, yeni səhifə açılır. Bu mərhələdə müstəqil ölkəmiz daha inamla, əzmlə inkişaf edəcək, beynəlxalq müstəvidə öz mövqelərini gücləndirəcək”, – deyə Fatma Yıldırım vurğulayıb.

