Gündəm 

Güc birlikdədir – Qarabağ Azərbaycandır!

2020-ci ilinin 10 noyabrı Azərbaycan xalqının tarixinə Qələbə günü kimi yazıldı! Bədniyyət qonşularımızın özündən də bədniyyətli havadarlarının köməyi ilə işğal etdiyi doğma Vətən – Azərbaycan torpaqları yağı düşməndən təmizləndi.

Məlumdur ki, XX əsrin əvvəllərində mövcud siyasi vəziyyətdən istifadə edən ermənilər Qafqazda hegemonluq qazanmaq istəyən imperialist dairələrin havadarlığı ilə Azərbaycana məxsus İrəvan, Zəngəzur, Göyçə və digər ərazilərdə qondarma bir dövlət yaratdılar. XX əsrin 80-ci illərinin sonunda isə Sovet imperiyasının dağılmasından yararlanan bədniyyət ermənilər Azərbaycanın dilbər guşələrindən olan Dağlıq Qarabağa yiyələnmək iddiasına düşdülər. Və bu namərdliyi həyata keçirmək üçün yenə də havadarlarının köməkliyi ilə xalqımıza olmazın müsibət və məşəqqətlərini yaşatdılar. Minlərlə günahsız qurban, tarixə qanlı hərflərlə yazılmış Xocalı soyqırımı, viran qalmış şəhərlər, kəndlər, bir milyondan çox qaçıqn və köçkün… Bu rəzalət, bu haqsızlıq 30 ildən artıq müddətdə davam etdi. Münaqişənin ilk illərində Azərbaycanda hakimiyyətə gəlmiş qruplaşmaların, “təsadüfi kəslərin” sayəsində ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında daha da möhkəmlənir və məğlubedilməzilik xülyasına düşürdülər.

Nəhayət, müdrik siyasətçi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə atəşkəs imzalandı və dövlətin, məmləkətin güc-qüvvə toplaması üçün bütün imkanların səfərbər edilməsinə başlandı. Ulu öndər “İqtisadiyatı güclü olan dövlət hər şeyə qadirdir!” prinsipini rəhbər tutaraq, son dərəcə təmkin və uzaqgörənliklə Azərbaycan Respublikasının iqtisadiyyatının güclənməsi, siyasi mövqelərini möhkəmlənməsi və hərbi qüdrətinin gündə-günə artırılması istiqamətində aktiv fəaliyyətə başladı. 2003-cü ildə Azərbaycan xaqlının seçdiyi yeni lider, yeni Prezident İlham Əliyev Ulu öndərin başladığı bu siyəsəti ləyaqətlə davam etdirdi. 2004-cü ildə start verilən “Regionların İnkişafı haqqında Dövlət Proqramı”nın həyata keçirilməsi bütün məmləkətin simasını dəyşdi. Şəhərlər, kəndlər tanınmaz dərəcədə yenilədi, gözəlləşdi. Tezliklə, gənc Azərbaycan Respublikasının hər kəs tərəfindən tanınması üçün görülən işlər sözün əsl mənasında dünyaya səs saldı. Onlarla ölkədə Azərbaycan diasporunun nümayəndəliyi fəaliyyətə başladı. Ölkəmiz “Avroviziya” mahnı müsabiqəsi, Olimpiya oyunları, “Formula 1” yarışları kimi dünya miqyaslı möhtəşəm tədbirlərə ev sahibliyi etdi. Beynəlxalq iqtisadi forumlar, elmi konfranslar, mədəniyyət müsabiqələri, xeyriyyəçilik işləri – bir sözlə. Azərbaycan Respublikasını inkişaf etmiş dövlətlərlə yan-yana dayanması üçün müasir sivilizasiyanın bütün vasitələri ilə iş aparıldı. İş o həddə çatdı ki, gənc Azərbaycan Respublikası BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan “Qoşulmamaq hərəkatı”nın təşəbbüskarı və sədr ölkəsi seçildi!

Bütün bu uğurlarla yanaşı, Azərbaycan xalqı hər dəqiqə, hər an işğal altında olan torpaqları azad etmək üçün mübarizəyə qalxacağımız günü gözlədi. Təəssüf ki, illərdir aparılan danışıqlar heç bir nəticə vermir, əksinə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında daha da möhkəmlənməsinə xidmət edirdi.

Nəhayət, ermənilərin törətdiyi növbəti təxribat – 2020-ci il 27 sentyabr tarixində Tovuz rayonuu ərazisində sərhədlərimizi pozub, kəndlərimizi atəşə tutması son damla oldu. Ertəsi gün Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu torpaqlarımızın düşmən işğalından azad olunması əməliyyatına başladı və Azərbaycan ərazilərindəki düşmən silahlı birləşmələri cəmi 44 gün ərzində demək olar ki, tamamilə məhv edildi. Rüsvayçı məğlubiyyətə boyun əyməli olan Ermənistan Respublikasının hakim dairələri Rusiya Federasiyasının təşəbbüsü və iştirakı ilə sülh müqaviləsinə (əslində kapitulyasiya aktına) imza atmalı oldular.

30 ildən artıqdır ki, millətimizin, xalqımızın başına gətirilən müsibətlərə cəmi 44 günlük mübarizə – müharibə nəticəsində son qoyuldu. Vətənin işğaldan azad edilməsi uğrunda Azərbaycan xalqının apardığı bu müharibə dünya tarixinə təkcə azadlıq mübarizəsi kimi deyil, böyük bir Millətin, Xalqın bəyan etdiyi ləyaqət, birlik və ədalət nümunəsi kimi də iz saldı.

Bir daha sübut olundu  ki, hər hansı bir müharibədə qələbə qazanılması üçün ilk növbədə güclü, qətiyyətli və savadlı Lider olmalıdır. Ali Baş Komandan cənab İlham Əliyev məhz belə bir lider, sərkərdə olduğunu bir daha təsdiqlədi. Onun qətiyyətli addımları, cəsarətli bəyanatları və ən vacibi verdiyi hər bəyanatın döyüşlərdə öz təsdiqini dərhal tapması Azərbaycan xalqında təsəvvürolunmaz dərəcədə ruh yüksəkliyi, döyüş əzmi və möhkəm – cənab Prezidentin öz sözləriylə desək, “yumruq kimi birlik” formalaşdırdı. Liderinə böyük inam və cəbhə bölgələrindən gələn irəliləyiş xəbərləri ona gətirib çıxardı ki, gənclərimiz öz ürəyinin, qəlbinin hökmü ilə hərbi səfərbərlik məntəqələri qarşısında böyük izdihamlar yaratdılar – cəbhəyə getmək üçün, Vətənin azadlığı uğrundakı ölüm-dirim savaşında vuruşmaq üçün! Bu günlər ərzində hər kəs – milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycanlıyam deyən insan sözün əsl mənasında yumruq kimi birləşdi. Həm də sadəcə sözdə deyil, birbaşa əməli fəaliyyətdə!

Cəbhə bölgəsində qazanılan uğurlarla yanaşı siyasi arenada atılan uğurlu addımlar qələbə əzmini daha da möhkəmləndirirdi. Bu 44 gün ərzində Azərbaycan Respublikasını Prezidentinin dünyanın aparıcı KİV nümayədələrinə verdiyi mübahisələr Azərbaycan xalqının haqq mübarizəsinin bütün dünyaya bəyan olunması üçün əvəzsiz rol oynadı. Hətta açıq-aşkar qərəzli mövqedə dayanaraq, az qala ittihamlar yağdırmağa çalışan bəzi jurnalistlərə cənab İlham Əliyevin verdiyi məntiqli, cəsarətli cavablar hər bir Azərbaycansevər insanda hədsiz qürur hissi yaratdı! Hər bir Azərbaycanlı, Ulu öndərin sözləriylə desək, Azərbaycanlı olduğu üçün fəxr etdi! Bu fəxarəti bizlərə, məhz elə Ulu öndərin layiqli davamçısı İlham Əliyevin komandanlıq etdiyi Azərbaycan Ordusu bəxş elədi!

Azərbaycan əsgəri! Azərbaycan əsgərinin bu 44 gün ərzindəki rəşadəti, şücaəti barədə əminəm ki, kitablar, romanlar yazılacaq, dastanlar qoşulacaqdır. Bu günlər ərzində ölümün gözünə dik baxmaqdan çəkinməyən, mənfur düşməni el-obamızdan qovmaq üçün sinəsini irəli verən neçə-neçə oğullarımızı tanıdı bütün dünya. Əslində, hələ I Qarabağ savaşından üzü bəri neçə-neçə qəhrəmanlarımızı – Mübarizləri, Əlyarları, Mehmanları, Poladları görüb-tanımışdıq. II Qarabağ müharibəsi yeni qəhrəmanlarımızla bu Millətin, bu Xalqın ölməzliyini bir daha təsdiqlədi!

Təbii ki, Vətən torpaqlarının azadlığı yolundakı Qələbə ancaq qanla qazanıla bilər. Bu şərəfli yolda neçə-neçə Azərbaycan gənci şəhidlik zirvəsinə yüksəldi. Vətənin azadlığı uğrunda canından keçən hər nəfərin adı bizimçün əzizdir, unudulmazdır. Çünki bu torpaqlardakı xoş gələcək məhz onların qanı bahasına başa gəlmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Yeri gəlmişkən, hələ Qələbə sevincini yenicə yaşadığımız bu günlərdə ölkə rəhbəri İlham Əliyevın şəhid adlarının əbədiləşdirilməsi, onların ailələrinin evlə təmin edilməsi və digər sosialyönümlü lahiyələrin həyata keçirilməsi barədə tapşırıqlar verdiyini öyrəndik. Özü də bu lahiyələrin təkcə şəhidlərə deyil, II Qarabağ müharibəsində ləyaqətlə vuruşmuş hər bir əsgər və zabitimizə şamil edilməsi nəzərdə tutulub.

Belə bir deyim var: “Haqq nazilər, amma üzülməz!” Xalqımızın II Qarabağ müharibəsindəki qalibiyyəti, bu deyimin növbəti təsdiqidir. İllər, hətta əsrlər boyu cahil qonşularımızın millətimizə, xalqımıza qarşı törətdiyi haqsızlıqlar nəhayət ki, öz layiqli cəzasını aldı. Və Azərbaycan xalqının bu günkü uğuru məhz, haqqın təntənəsidir. Uca Yaradana şükürlər olsun ki, yüzlərlə, minlərlə günahsız qurbanlarımızın və Vətən uğrunda canından keçmiş şəhidlərimizin qisası mənfur düşməndən alındı!

Bu gün başımızı dik tutub alnıaçıq, üzüağ gəzməyə haqqımız var. Çünki, sivil bir xalq, millət olaraq, güclü liderin ətrafında sıx birləşərək Qarabağı və ətraf bölgələri işğaldan azad etmişik!

Bu gün qürurla hər kəsə bəyan edirik: Biz Azərbaycanlıyıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Ədliyyə Nazirliyinin Yevlax rayon                             

                                       Qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri

                                                                   Elşən Quliyev

Daha çox xəbərlər