Gündəm 

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN BAYRAM SEVİNCİ

İstər mənəvi, istərsə də fiziki cəhətdən sivil, rahat yaşam üçün cəmiyyətdə ədalətin bərqərar olması vacib şərtdir. Bu işdə ən mühüm funksionerlərdən biri dövlətin ədliyyə qurumlarıdır. Ona görə də dövlət ədliyyə orqanlarının yaranması günün bayram kimi qeyd edilməsi, əlbəttə ki, məqsədəuyğun və hətta gərəklidir.

Hər il olduğu kimi 2020-ci ilin 22 noyabr tarixi respublikamızda Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Ancaq bu dəfəki bayram əvvəlki illərdən fərqlidir. Çünki, hazırda bütün Azərbaycan xalqı düşmən üzərində təzəcə qazanılmış Qələbənin ab-havası, sevinciylə yaşayır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ildir ki, işğal altında qalmış Vətən torpaqlarını azad etməsi bu günlərdə hər bir Azərbaycansevər insana bir ömrə bəs edəcək qədər sevinc və qürur hissi bəxş etmişdir. Ona görə də Azərbaycan Respublikası Ədliyyə  Nazirliyinin əməkdaşları üçün 2020-ci il 22 noyabr tarixi ikiqat bayramdır.

Ədliyyə işçilərinin peşə bayramının məhz 22 noyabr tarixində qeyd edilməsi Ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 2000-ci il 11 noyabr tarixində ölkə başçısı Heydər Əliyev 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün, yəni 22 noyabr tarixinin Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalamışdır.

Əslində respublikamızda Ədliyyə Nazirliyinin təsis edilməsi elə Azərbaycan Demokratik Respublikasının yarandığı günə, yəni 1918-ci il 28 may tarixinə təsadüf edir. Müstəqilliyin ilk günlərindən fəaliyyətə başlayan nazirliyin əsas vəzifəsi  respublikada haqqı, ədaləti hakim tutan məhkəmələrin, istintaq orqanlarının formalaşması idi. Qısa müddətdə xeyli işlər görüldü. Belə ki, ilk növbədə struktur formalaşdı, fəaliyyət göstərəcək binalar qaydaya salındı, ən vacib məsələ olan bilgili kadrların yetişdirilməsi üçün 6 aylıq kurslar təşkil edildi, nazirliyin nəzdində hüquqi ədəbiyyat kitabxanası yaradıldı və sair. Bütün bu hazırlıq işləri ərsəyə gəldiyikdən sonra, 1918-ci il 14 noyabr tarixində Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, 22 noyabr tarixində isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi. Sözügedən əsasnamələrin qəbul edilməsi nazirliyin səlahiyyət və vəzifələrini hüquqi baxımdan tam təsdiqləməklə yanaşı, həm də daha geniş fəaliyyətinə imkan yaradırdı. Ədliyyə Nazirliyinin səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmələrə, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil idi. Qısa müddətdə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər mühüm qanun layihələri hazırlanaraq parlamentin müzakirəsinə çıxarıldı. 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Həmin ilin noyabr ayında ümumi amnistiya haqqında qanun lahiyəsi tərtib edilərək parlamentə göndərildi. Bir sözlə, Cümhuriyyətin cəmi 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyi əhəmiyyətli işlərə imza atdı.

1920-ci il 28 aprel bolşevik istilasından dərhal sonra idarəçiliyə gələn İnqilab Komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edildi, əvəzində yeni dövlət quruluşunun tələblərinə uyğun Xalq Ədliyyə Komissarlığı yaradıldı. Lakin, 1930-cu ildə bu komissarlığın ümumiyyətlə ləğv edilməsi və onun funksiyalarının prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsi və digər orqanlar arasında bölüşdürülməsi qərara alındı. Tezliklə belə bir addımın yanlış olduğu özünü aşkar büruzə verdi və 1933-cü ildə yenidən Xalq Ədliyyə Komissarlığı bərpa edildi. Komissarlığın funksiyalarına vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birlik və fiziki şəxslərin fəaliyyətinin qanuniliyinə nəzarət, həmçinin yeni qanun layihələrinin işlənməsi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının  səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.

1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edildi, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət Ali Məhkəməyə həvalə olundu. Nazirlər Soveti yanında Hüquq Komissiyası yaradıldı və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürüldü.

Respublikamızda Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilməsi, ədliyyəmizin tarixində yeni mərhələ kimi dəyərləndirilə bilər. Bundan sonra Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, məhkəmə ekspertizalarının aparılması, əhaliyə hüquqi xidmət, notariat və digər müvafiq vəzifələri icra etmişdir.

XX əsrin sonunda yenidən müstəqiiliyinə qovuşan Azərbaycanda ədliyyə işinin müasir tələblər səviyyəsində yenidən təşkil edilməsi ilə yanaşı, həm də səlahiyyət dairəsi genişləndirildi. Nazirliyin bölmələri üçün yerlərdə ayrıca binalar tikildi və müasir avadanlıqlarla təmin edildi. Dövlət quruculuğunun mahir ustası olan prezident Heydər Əliyev ədliyyə və məhkəmə orqanlarının əhəmiyyətini lazımınca dəyərləndirmək, eyni zamanda hüquqi varisliyini təmin etmək məqsədilə 11 noyabr 2000-ci il tarixli sərəncam ilə noyabrın 22-ni Ədliyyə işçilərinin peşə bayramı günü elan etdi.

2006-cı il aprel ayının 18-də ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyin yeni Əsasnaməsi təsdiqləndi və ona hüquq-mühafizə orqanı statusu verildi. Prezidentin 17 avqust 2006-cı il tarixində imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərman və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin inkişafında növbəti mərhələnin başlanğıcı oldu. Bunun ardınca, 6 fevral 2009-cu il tarixdə ölkə başçısının “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nın təsdiq etməsi sözün əsl mənasında yeni mərhələyə keçid üçün geniş imkanlar yaratmış oldu. Nazirlikdə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, infrastrukturun yenilənməsi istiqamətində əsaslı işlər aparıldı.

Ən vacib problemlərdən olan kadr məsələsinin kəmiyyət və keyfiyyət baxımından yaxşılaşdırılması üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun təsdiqləndi.

Qeydiyyat və notariat orqanlarda islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradıldı, Ailə Məcəlləsi, “Notariat haqında” və digər qanunvericlik aktları qəbul edildi.

Penitensiar sahədə sistemin fəaliyyətinin təkmilləşdirilməsi, azadlıqdan təcrid olunmuş məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına xidmət edən əsaslı işlər görüldü.

Azərbaycan Respublikası Prezidentinin  2018-ci il dekabrın 18-də təsdiq etdiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə” Dövlət Proqramı və 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə sisteminin inkişafı üçün yenilənmiş “yol xəritəsi” müəyyən etdi.

Regionlarda hüquq təsisatlarının inkişafı, yerlərdə əhalinin ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, bu orqanların işinin əlaqələndirilməsi məqsədilə regional ədliyyə idarələri yaradılmış, onların fəaliyyətinin səmərəli təşkili ilə bağlı mühüm əhəmiyyətli  işlər görülmüşdür.

Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin daha konstruktiv və daha çevik baxılmasını həlli üçün Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli Sərəncamı ilə mövcud inzibati-iqtisadi məhkəmələr ləğv edilməklə Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəkidə yeni Kommersiya və ayrıca İnzibati məhkəmələr yaradılmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində müasir dövr tələblərinə cavab verən xüsusi elektron notariat “çanta”sı hazırlanmışdır. Həmin çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək olar. Yalnız Azərbaycanda mövcud olan və sərhəddə, hava, dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılan “Elektron Ədliyyə köşkü” vasitəsilə isə məsafədən ədliyyə xidməti göstərilir. Telefona yüklənən “Mobil notariat” proqramı vasitəsilə isə vətəndaş notariat fəaliyyəti ilə bağlı məlumatları əldə edə bilər.

Bu gün vətəndaşların hüquqi maarifləndirilməsi üçün Ədliyyə nazirliyinin 4 internet saytı fəaliyyət göstərir, 4 hüquq jurnalı, “Ədliyyə” qəzeti və digər nəşrləri dərc olunur.

İnkişaf etmiş dövlətlərin iş təcrübəsindən yayarlanmaq da əhəmiyyətli məsələlərdən biridir. Hazırda Almaniya, İtaliya, Fransa, Bolqarıstan, Slovakiya, Rumıniya və digər ölkələrin ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair sazişlər bağlamışdır. BMT, Avropa Şurası, ATƏT, Beynəlxalq Prokurorlar Assosiasiyası, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi mötəbər təşkilatlarla sıx əməkdaşlıq münasibətləri də inkişaf eməkdədir. Nazirlik Azərbaycan dövlətinin qoşulduğu 14 Beynəlxalq Konvensiya üzrə mərkəzi və əlaqələndirici orqan kimi də fəaliyyət göstərir.

Bu günlərdə II Qarabağ müharibəsində Azərbaycan Xalqının qazandığı Qələbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin də özünəməxsus iştirakı vardır. Belə ki, Vətən torpaqlarının işğaldan azad edilməsi prossesi dövründə nazirlik digər fəaliyyətlərlə yanaşı həm də xeyli sayda nüfuzlu beynəlxalq qurumlara, müxtəlif hüquq təşkilatlarına məktublar, müraciətlər ünvanlamış, xalqımızın haqq mübarizəsinin beynəlxalq müstəvidə tanınması üçün önəmli işlər görmüşdür. Uca Yaradana şükürlər olsun ki, başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla xalqımızın mübarizəsi öz sevincli nəticəsini verdi və bu gün qürurla dünyaya bəyan edirik ki,  “Qələbə bizmdir!”, “Şuşa bizimdir!”, “Qarabağ Azərbaycandır!”…

Qazanılan Qələbə, Vətən torpaqlarının geri qaytarılması hər birimizə hədsiz sevinc hissi bəxş etməklə yanaşı, həm də müəyyən məsuliyyət hissi aşılayır. Görüləcək işlər çoxdur. Şəhidlərin qanı bahasına işğaldan azad olmuş Vətən parçasında ədalətin daim hakim olması, uzun illərin həsrətindən sonra doğma evinə qayıdan insanların öz dədə-baba torpaqlarında dinc, rahat yaşayıb-yarada bilməsi üçün yerli ədliyyə qurumlarının azad olmuş torpaqlarda formalaşıb stabil fəaliyyətə başlaması vacib şərtlərdəndir. Biz, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşları bu məsuliyyəti yaxşı dərk edirik və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazırıq!

 

Ədliyyə Nazirliyinin Yevlax rayon                             

                                       Qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri

                                                                   Elşən Quliyev

Daha çox xəbərlər