Sosial 

Bu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi – FOTO

“Mən hərbi həkim deyiləm. Türkiyədən könüllü gələn həkimlərdənəm. Bir video çəkib ailəmə müraciət etmişdim ki, şəhid olsam, ən azından, videonu görsünlər. Amma şükür, savaş bitdi, buna ehtiyac qalmadı”.

ARANTV.AZ  xəbər verir ki, bunu Sonxeber.az-a Türkiyədə yaşayan, Vətən müharibəsində iştirak edən könüllü azərbaycanlı həkim Xətai Qurbanlı deyib.

O, ana və atası qorxmasın, hər dəqiqə narahat olmasın deyə, hərbiyə gizli getdiyini qeyd edərək Vətən borcunu verməkdə özünü məsul bildiyini vurğulayıb:

“Yaralı əsgərimizin birinin “buşlat”ını geyinmişdim, qayıdanda da evə onunla qayıtdım. Evdəkilər görəndə, hələ də anlamırdılar, sadəcə düşünürdülər ki, haradansa almışam”.

Müharibə başlayanda könüllü kimi müraciət edən həkim Azərbaycanlı Həkimlər Dərnəyinin bu işdə onlara yardım etdiyini deyib:

“TƏBİBLƏ əlaqə quruldu və bizim Azərbaycana gəlişimiz təmin edildi. Müraciət edən həkimlər bölündü və hər birimiz bir xəstəxanada ordumuza xidmət etdik.

Şəraitə uyğunlaşıb əlimizdən gələni etdik. Məsələn, mən uroloqam amma orada uroloq kimi fəaliyyət göstərmirdim. Yeri gəlirdi, əsgərin alt paltarlarını dəyişirdik, lazım olanda, həkim kimi yaralarına baxırdıq. Yəni tək mən deyil, xəstəxanadakı heç kim “bu iş mənim işim deyil” demirdi, hamı hər şeyi edirdi. Beləcə, tək həkimlərin yox,xalqın, ordunun, millətin birliyi qələbə qazandırdı.

Yadda qalan da əsgərimizin anesteziya altında hərbi marş oxuması oldu. Özündən xəbərsiz idi, amma o marşı ürəkdən oxuyurdu.

Bütün əsgərlərimiz elə mərdliklər edirdi ki, biz bəzən gözümüz dolub ağlayırdıq. Yaralı əsgərlər “gedirəm savaşa, dostlarım oradadır”, “mən subayam, dostumunsa uşaqları var, mənə sonra baxarsız, əsas dostumu xilas edin” kimi xahişlər edirdilər.

Yaralı əsgər gələndə dərhal ayaqqabılarını çıxarıb müdaxilə etməyə çalışırdıqda, hamısı sanki sözləşmiş kimi, “olmaz, ayıbdır, özüm çıxararam” deyirdilər. Onlar yaralı olmalarına rəğmən, xanımların yanında paltarlarını çıxarmazdı, yaralarına baxmağımızı istəməzdilər. Bir əsgərin qasıq nahiyəsində qəlpə yarası var idi, gözünə də toz dolmuşdu, düz-əməlli görə bilmirdi. O, ttibb bacılarını məcbur otaqdan çıxarmışdı. Onu otaqda xanım olmadığına inandırandan sonra tibbi müdaxilə etməmizə imkan verdi. Öz yarasını, ağrısını unudub, yenə də namus-qeyrət düşünürdülər”.

Bu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi - FOTOBu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi - FOTOBu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi - FOTOBu həkim ailəsi üçün video çəkib, gizlincə cəbhəyə getdi - FOTO

Daha çox xəbərlər