İri ticarət mərkəzləri nə zaman açılır?
Artıq uzun müddətdir ki, Azərbaycanda toyların keçirilməsinə və iri ticarət mərkəzlərinin fəaliyyətinə qadağan qoyulub. Son iki ayda dünyada və Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də yoluxanların və ölənlərin sayında artım müşahidə olunur. Noyabrın 18-də 2 239 yeni yoluxma faktı qeydə alınıb, 25 nəfər isə vəfat edib. Belə olan halda Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyətinə nə zaman icazə verilə bilər?
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, rəsmi rəqəmlərə arxayın olmaq olmaz:
“Real xəstələnmə sayı ciddidir. Çünki real rəqəmlər testdən keçən, həkimə müraciət edən insanların sayıdır. Ev şəraitində özünü müalicə edən xeyli sayda vətəndaşlarımız var. Ona görə də real vəziyyət daha ciddir. Bu artım dünyanın bütün yerində müşahidə olunur və xəstəliyin ikinci dalğası hesab olunur. Biz bunun pik dövrünü keçməliyik. Tələb olunan nədir? Biz ağır müharibə dövrünü yaşadıq. Müharibə Azərbaycan dövlətinin qələbəsi ilə nəticələndi. İnsanlarımız küçələrə axışaraq qələbə sevincini qeyd etdilər. Bütün bunlar yoluxma sayının artımasına zəmin yaratdı.
Bundan sonra “sms icazə” və “evdə qal” karatininə keçməyi məqsədəuyğun görmürəm. Çünki artıq komendant saatı tədbiq edilir. Müəyyən saatdan sonra insanlarımızın çölə çıxması qadağandır. Sadəcə olaraq qapalı mühitdə karantin davranışlarının ciddi nəzarət olmalıdır. Maketə, aptekə və digər qapalı müəssisələrə daxil olan əllərin dezinfeksiyası olunması, maska taxılması, ondan düzgün istifadə edilməsi sosial məsafənin qorunması çox vacibdir. Bu işlər ciddi şəkildə təbliğ edilməlidir və insanlara dəfələrlə aşılanmalıdır. Düşünürəm ki, bu daha effektiv olardı, nəyinki “evdə qal” karantin. Virusun pik dövründən sonra eniş dövrü olacaq. Azərbaycanda ümumi kollektiv immunitet formalaşır. O da ilin sonuna virusun yoxa çıxmasına işarədir. Vəziyyəti izləyib, görək necə olacaq”.
Adil Qeybulla vurğulayıb ki, koronavirusun ikinci dalğasını pik həddində iri ticarət mərkəzlərin fəaliyyətinə və toyların keçirilməsinə icazə verilməsi real görünmür:
“Bu məsələ pandemiyanın sonunda həll olunacaq. Bu da yəqin ki, ilin sonunda, yanvar ayında buna icazə verilə bilər”.

