“Amnesty International” Kəlbəcərdə: “Məzarlar yenicə dağıdılıb” – FOTO
Baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən “Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndə Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb.
Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib.
O, paylaşımlarından birində Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki evlərin dağıdılmasından yazıb:
“1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb”.
“Mina əraziləri, devrilmiş tanklar, atılan hərbi dəbilqələr və Dağlıq Qarabağda Kəlbəcərə gedən yolda tərk edilmiş hərbi müdafiə mövqeyi. Bu yaxınlarda Azərbaycanın Ermənistandan geri aldığı ərazi”, – deyə o qeyd edib.

