Siyasət 

Prezident: İtaliya doğrudan da Azərbaycanın əsl dostudur

Ölkəmizdə səfərdə olan italiyalı deputatlar Ermənistanın  Gəncədə, Ağdamda törətdikləri vəhşilikləri  hərbi cinayət adlandırdılar

Avropanın inkişaf etmiş ölkələrindən olan İtaliya ilə Azərbaycanın son illərdə  daha da möhkəmlənən münasibətləri hər iki  dövlətin iqtisadi inkişafı, siyasi münasibətlərin möhkəmlənməsi üçün etibarlı zəmin yaradır. Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə Azərbaycan arasında sürətlə davam edən  mədəni, humanitar  əlaqələr  bu gün ən yüksək səviyyədədir.

İki il bundan əvvəl İtaliyanın  Prezidenti cənab Mattarellanın Azərbaycana səfəri zamanı ikitərəfli əlaqələrin daha da  möhkəmlənməsinə  yönələn mühüm  sənədlərin imzalanması ilə əməkdaşlığın yeni perspektivləri, real istiqamətlər müəyyənləşdirildi.  Cari ilin əvvəlində  Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İtaliyaya səfərləri zamanı keçirilən önəmli  görüşlər,  çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənədin imzalanması qarşılıqlı etimadın nəticəsidir.

Bu günlərdə İtaliyanın ən nüfuzlu altı partiyasını təmsil edən   nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycana göstərilən etimaddır. Müxtəlif mövqeyə malik siyasilərin təmsil olunduğu heyətin   İkinci Qarabağ müharibəsi ilə bağlı məlumatları öyrənməsi, fikirlərinin üst-üstə düşməsi  erməni faşizminə  nifrətin ifadəsidir.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən, iki dövlət arasındakı əməkdaşlığı  genişləndirən məqamlara  «Bu gün İtaliya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm bütün başqa sahələrdə uğurla  inkişaf edir» sözləri ilə aydınlıq gətirən Prezident İlham Əliyev perspektivlərdən də söz açaraq bildirmişdir ki,  qarşıdakı illərdə  qeyri-neft sektoru  əlaqələrin möhkəmlənməsində iştirak edəcək.

Görüşün hər iki dövlət üçün böyük əhəmiyyət daşıdığını bildirən dövlət başçımız İlham Əliyev razılığa əsasən Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı görülən işlərdən bəhs etmiş, humanitar əlaqələrin genişləndirilməsinin digər sahələrə təsirini yüksək dəyərləndirmişdir.

Görüşdə  öz ərazisini  bərpa edən Azərbaycanın dağılmış şəhər və kəndlərində quruculuq işlərinə başlanıldığını bildirən dövlət başçımız vurğulamışdır ki, bu sahədə dost ölkələrin şirkətlərinin iştirakı nəzərdə tutulmuşdur. «Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni  bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. Bizim üçün də bu  müharibə, eyni zamanda  onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da  Azərbaycanın əsl dostudur.»

Qonaqlar adından çıxış edən Ettore Rosato  hər iki xalq arasında illərdən bəri davam edən dostluğun qarşılıqlı etimad və hörmətə əsaslandığını bildirərək qeyd etmişdir ki, belə  əhəmiyyətli dövrdə bizim Azərbaycana səfərimiz dostluğun ifadəsidir. Qarşılıqlı  səfərlərin, imzalanan sənədlərin  İtaliya-Azərbaycan münasibətlərinə yeni  nəfəs gətirdiyini və strateji əhəmiyyət daşıdığını bildirən  Ettore Rosato səmimi duyğularını bu sözlərlə ifadə etmişdir: «Əslində bunlar elə  sazişlərdir ki, onlarda  çox konkret öhdəliklər və olduqca  vacib mahiyyət əks olunubdur.»

Azərbaycan İtaliya üçün enerji daşıyıcılarının ilk ixracatçısıdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələrindən bəhrələnən digər Avropa ölkələri kimi, İtaliya da  Cənub Qaz Dəhlizinin qitə dövlətləri üçün əhəmiyyətini yüksək dəyərləndirir və  dəstəkləyir. «Belə keşməkeşli vaxtlarda  enerji təzlükəsizliyni etimad göstərib o ölkəyə  həvalə edə bilirik ki, o ölkə ilə  həqiqətən dostluq münasibətləri olsun» söyləyən Ettore Resatonun bu sözləri, neft-qaz kəmərlərinin İtaliyaya  çatdırılması iqtisadi əlaqələrin ən parlaq nümunəsidir.

Dünya dövlətlərinin ən çox ziyan gördüyü COVID-19 pandemiyasından zərər görən ölkələrdən olan İtaliyaya tibbi avadanlıqlarla, dərman preparatları, qoruyucu vasitələrlə  yardımlar göstərən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş, əməkdaşlığın dostluq səviyyəsində olduğunu göstərir. Venesiyadan keçən  tarixi İpək Yolu da  hər iki ölkəni  birləşdirən dostluq körpüsüdür.

Qonaqların erməni faşizminin eybəcər mahiyyətini, vandalizmini, barbarlığını göstərən Gəncəyə, Ağdama səfərlərinə toxunan Prezident İlham Əliyev italiyalı deputatlara Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlər haqqında da məlumat vermişdir: «Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki  vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə  atəşə tutmuşdur. Bu hərbi cinayətdir və bu cinayətə görə  Ermənistan rəhbərliyi cavab verəcək.» Qeyd olunmuşdur ki, müharibə zamanı  94 mülki şəxs həlak olmuş, 400-dən çox insan yaralanmışdır.

İtaliyalı deputatlar Gəncə və Ağdama səfərləri zamanı gördükləri viranəlikləri,  erməni vəhşiliyini bu sözlərlə ifadə etdilər: «Hətta inanmaq belə  çətin idi ki, burada nə zamansa  insanlar yaşayıb.» Xarici ölkələri təmsil edən diplomatlar, xarici jurnalistlər kimi, italiyalı qonaqlar da etiraf etmişlər ki, gördüklərimiz dəhşətli müharibənin Azərbaycana vurduğu yara, insanlığa ləkə olan cinayətdir.

Xuraman İsmayılqızı, «İki sahil»

Daha çox xəbərlər