Şəhidimizin atası DƏRDDƏN DÜNYASINI DƏYİŞDİ – FOTO
Vətən müharibəsində canından keçən igidlərimizin sırasında polkovnik-leytenant Rəşad Sadıqov da var.
ARANTV.AZ Sonxeber.az-a istinadən şəhidin həyat hekayəsini yaxınlarının dili ilə izləyicilərlə bölüşür:
Polkovnik-leytenant Rəşad Sadıqov Laçında doğulub, həmçinin uşaqlığını da orada yaşayıb. 1992-ci ildə digər laçınlılar kimi o da doğma ata yurdundan köçməyə məcbur olub, ana yurdu Şəmkirə gəlmişdi. Uşaqlıqda həkim olmaq istəsə də, ermənilərin başımıza gətirdiyi hadisələrdən sonra hərbçi olmağa qərar vermişdi. Həmişə doğma yurdu Laçına qayıdacağı günü gözləyirdi.
Hələ Naxçıvanda leytenant olarkən, yol keçəndə, kursantları qorumaq üçün özünü sürətlə gələn avtomobilin önünə atmışdı. Uzun müddət komada qaldı. Kəllə sümüyündən 27mm kəsilib, çıxarıldı. Başında plastik qapaq var idi.
Sentyabrın 27-də döyüşlər başlayanda, Rəşad ehtiyyatdan olan könüllü olaraq ordu sıralarına yollandı. Təlim-tərbiyə üzrə müavin olmasına, keçirdiyi tibbi əməliyyatlara baxmayaraq, döyüş bölgəsinə getdi.
Laçında kəndlərini düşməndən azad edərək, öz evlərinə getmişdi. Elə, oradan atasına zəng edərək, evlərinə getdiyi xəbərinin sevincini yaşatdı. Ondan bir gün sonra isə (oktyabrın 30-da) yaralı döyüş yoldaşını güllə altından çıxararkən, özü düşmən gülləsinə tuş gəldi və uşaqlıqdan arzusunda olduğu Şəhadət zirvəsinə yüksəldi. Həmin döyüş yoldaşı dəfninə gəlmişdi.
Rəşad Şəhid olacağını bilirdi. Ona həmişə general olmağı arzu edəndə, “mən general olmağı yox, ondan daha böyük olan Şəhidlik zirvəsini istəyirəm” deyirdi… Elə, döyüşə yollananda da 12 yaşlı oğlu Nihada ailəsini əmanət edib getmişdi.
Təəssüf ki, atası Xanlar əmi Rəşadın yoxluğuna dözə bilmədi, dünyasını dəyişərək, Şəhid oğlunun yanına tələsdi.
Rəşadın bir qızı və bir oğlu bizə əmanət qaldı”.


