“Yaralarından öpsəm, oyanarsanmı?..”- Şəhid anasının fəryadı ÜRƏK DAĞLADI
ARANTV.AZ Sonxeber.az-a istinadən Vətən müharibəsində iştirak edən şəhidimizin xatirələrini yaxınlarının dilindən izləyicilərlə bölüşür:
“Şamxalın uşaqlığı gözümün önündə olub, qonşum idi.
Şamxal Əjdərli könüllü olaraq döyüşə yollanmışdı. Füzuli cəbhəsində düşmənə qarşı döyüşürdü. Döyüşə gedəndə gülə-gülə, həvəslə getmişdi. Təəssüf ki, Şamxala qələbə gününü görmək nəsib olmadı. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Şamxalın bayrağımıza bükülmüş tabutu gecə saat 2-də evinə gəldi. Anasının fəryadı hələ də qulağımdadı. Deyirdi ki “yaralarından öpsəm, oyanarsanmı?”
Şamxal o qədər sakit uşaq idi ki, sanki, ağzı var, dili yox idi. Anam deyir, Şamxal 11-ci sinifdə də birinci sinif oturuşunu dəyişmədi. Axşam tərəfi inəkləri örüşdən gətirəndə, evimizin yanından keçirdi hər gün. Salamı elə utanaraq verirdi ki, səsi güclə eşidilirdi. Evdən gedəndə halallaşmamışdı, sadəcə, sağollaşmışdı. Çünki, geri qayıdacağına inanırdı. Dönüb, ev tikəcək, evlənəcəkdi…
Şamxal evin tək oğlu, 3 bacının bir qardaşı idi. Özündən sonra, sadəcə utancaq üzü və xatirələri yadigar qaldı”.


