Lənkəranın zəfər ətirli qızılı payızından FOTOREPORTAJ
Bu ilki payız bir başqa payızdır. Əvvəli qan, sonu zəfər qoxulu…
Payızın ilk həftəsində yağı düşmənin daha çox torpaq əldə etmək xülyası ilə, xaincəsinə torpaqlarımıza növbəti təcavüzü səbəbindən fəslin gəlişini sanki hiss etmədik. Payız hayında deyildik, məramımız ayrı idi – bu dəfə düşmənə layiq olduğu cavabı vermək!
Paşinyanın Cıdır düzündəki “yallı”sı bu millətin qeyrət qanını elə coşdurmuş, səbrini tarıma elə çəkmişdi ki, hamı səbirsizliklə intiqam anını gözləyirdi. Və o an payızın ilk həftəsində, sentyabrın 27-də gəldi!
“El gücü sel gücü”nə dönərək Qarabağı düşmənə dar etdi, Paşinyanın “Qarabağ Ermənistandır” arzusunu ürəyində qoydu. Arzusu kimi, ordusu da 44 günlük Vətən müharibəsi dövründə param-parça oldu. Əgər haqq-ədalətə ikili standartlar prizmasından yanaşma olmasaydı, düşməni qapısınacan qovub qisasımızı tam alardıq, ötən əsrin 90-cı illərində xalqımıza yaşatdıqlarını bütün ağırlıqları ilə mənfur ermənilərə yaşadardıq … İnanıram ki, uca Tanrı zamanında o məqamı da bizlərə nəsib edəcək …
Dünyada nə baş verməsindən asılı olmayaraq, zaman öz işində, gərdişindədir, fəsillər bir-birini məqamında əvəzləyir… 2020-ci ilin payızının gəlişi ağır olsa da, sonrakı ovqatı tam bir ayrı oldu, qələbə xəbərləri bir-birini əvəzlədi, Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında 8 noyabrda tarix yazdı – Şuşa azad olundu! 2020-ci ilin payızı Qələbə müjdəli oldu, Azərbaycan tarixinə qızılı-sarılı xətlə yazıldı.
S.Vurğunun sətirlərini çevirsək:
“Yazıldı tarixə bir qızıl xətlə
2020-ci ilin qızıl payızı!”
44 gün ərzində bizə düşməni məhv etməyə imkan verən 2020-ci ilin qızılı payızı qələbə qoxulu, zəfər sədalıdır. Qarabağ, Laçın, Kəlbəcər, Lənkəran- Azərbaycan! Vətənimin hər gşəsində “zər donlu” payız bütün fəsillərə meydan oxuyur – ayağı sayalı olduğuna görə!
Heç bilirsiniz, Lənkəranın payızı necə gözəl olur? Tanrı gözəllik və bərəkət süfrəsini bu fəsildə bəxş edir Lənkəranıma. Bağlarda ağacların budaqları barın ağırlığından yerə yatır. Bağbanlar deyir ki, sitrus bağlarında heç bu ilki qədər bol məhsul olmamışdı. Maşallah! Limon, narıngi, portağal, kivi, feyxoa – sitrus meyvələrinin xoş iyi ətrafa cənnət rayihəsi bəxş edib. Sapsarı heyvaların, qızılı xurmaların, almaların ağız sulandıran görünüşü, ətri uca Xaliqin öz bəndəsinə nə qədər lütfkar olduğunun sübutudur. Yetər ki, şükrünü əsirgəməyəsən…
Payızda dəmirağacların bir özgə hüsnü var. Bu ağac payızın son ayında “alışdım-yandım” parçası kimi işım-işım işıldayır, min rəngə çalır. Palıdın ağayana duruşu sanki gözəllik tablosudur. Bu ağac həm də Tanrının bərəkət payıdır, qozaları ilə bütün meşə canlılarının qış azuqəsini verir. Talış meşələrinin payz görünüşü təbiətin möhtəşəm, ecazkar, füsunkar pannosudur sanki…Hələ dəmirağaclardan salınmış bağları, parkları demirəm…
Lənkəran payızının təsviri sözlə mümkünsüzdür. Uca Yaradan gözəllik adında nə yaradıbsa, hamısından Lənkərana səxavətlə pay ayırıb, həm də məhz bu fəsildə, payızda…
İnşallah ki, koronavirus pandemiyası tezliklə sona yetər, bu gözəlliklərlə baş-başa qalıb, canlı seyr edib, dadını çıxarmaq imkanınız olacaq. Hələliksə Lənkəranın payızını əks etdirən fotolara diqqətlə baxsaz, qızılı payızın zəfər ətrini hiss edəcək, duyacaqsınız…Bu qoxuya 30 il idi ki, həsrət idik…
Zəfər qoxulu payızım, səni çox sevdik!













