Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ədliyyə orqanlarında yad edilib
Müasir müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar dekabrın 12-də ədliyyə orqanlarında xüsusi karantin rejiminə əməl olunmaqla tədbirlər keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildiriblər ki, əbədiyaşar liderin nazirlikdəki büstü önünə gül səbəti qoyulub, əziz xatirəsi yad olunub.
Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edib, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində mühüm xidmətlərindən danışıb. Nazir Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 ildir Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı ordumuzun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dekabrın 10-da keçirilmiş Zəfər paradının ölkəmizin hərbi, iqtisadi qüdrətini, ordumuzun gücünü və xalqımızın qələbə əzmini, eyni zamanda, böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə daim inkişaf edən Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdiyi, Ulu Öndərin uca ruhunun şad olduğu bildirilib.
Tədbirdə azad olmuş torpaqlarımızda Azərbaycan Prezidentinin rəhbərliyi ilə quruculuq işlərinə başlanıldığı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və Ulu Öndərin ideyalarını layiqincə yaşadan Heydər Əliyev Fondu tərəfindən dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihə həyata keçirildiyi bildirilib, torpaqlarımızın dirçələcəyinə və orada həyatın tezliklə yenidən qaynayacağına əminlik ifadə olunub.
Dahi liderin yüksək dövlətçilik amallarına daim sadiq qalan ədliyyə işçiləri bu şərəfli yolda dövlətimizin başçısının ətrafında sıx birləşərək üzərlərinə düşən vəzifələri böyük əzm və məsuliyyətlə yerinə yetirəcəklərini söyləyiblər.
Anım günü ilə bağlı nazirliyin Heydər Əliyev muzeyində zəngin və maraqlı ekspozisiyalarla tanışlıq olub, filmlər, eləcə də foto və video slaydlar nümayiş etdirilib. Bu ərəfədə nazirliyin əməkdaşları tərəfindən müalicə alan hərbçilərimizə baş çəkilərək sovqatlar təqdim olunub, habelə yaralıların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianələr edilib.

