Gündəm 

Əsaslı şəkildə yenidən tikilən Babək prospekti yaxın günlərdə tam istismara veriləcək

ARANTV.AZ xəbər verir ki, yol infrastrukturunun yenidən qurulması ilə bağlı dövlət başçısının sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşır.

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 kilometr  olan Babək prospektində yenidənqurma işlərinə bu ilin əvvəlində başlanılıb. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə deformasiyaya uğramış hissələri kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri görülüb və yol əsası yenidən bərpa edilib. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Prospekt boyunca yeni kanalizasiya kollektoru, ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib. Yağış-kanalizasiya sistemi bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.

Yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri artıq yekunlaşdırılır. Prospektin təqribən 8 kilometrlik hissəsində asfalt-beton örtüyünün 3 layının döşənməsi işləri bitib. Hazırda qalan 1 kilometrlik hissədə bu işlər davam etdirilir. Avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə 22 yerdə xüsusi “cib”li hissələr tikilib,  avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə geriyə dönməsi üçün əlavə zolaqlar və geridönmə hissələr yaradılıb, həmçinin yolun işıqlandırılması üçün yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub. Bütün işlər sonuncu mərhələ çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Babək prospektində müasir yol infrastrukturunun yaradılması paytaxt Bakının nəqliyyat yükünün azaldılmasında əhəmiyyətli dərəcədə təsir etmiş olacaq.

 

Daha çox xəbərlər