Azərbaycanda bu tarixdən 5 gün çölə çıxmağa qadağa qoyula bilər
Xəbər verdiyimiz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusla bağlı vəziyyətlə əlaqədar 31 dekabr axşam saatlarından 4 yanvar səhər saatlarına qədər komendant saatı elan olunduğunu açıqlayıb. Azərbaycanda bayram günlərində insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
ARANTV.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda yanvarın 18-nə kimi böyük şəhər və rayonlarda sərtləşdirilmiş karntin rejimi tətbiq edilir:
“İnsanların çölə çıxmasına gündə 3 saat icazə verilir. Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda təəssüf ki, yoluxma halları daha çoxdur. Məhz buna görə də yanvarın 18-nə dək bu qadağa qüvvədədir. Nəzərə alsaq ki, bayramda insanlarımız daha çox küçəyə çıxır və öz yaxınları ilə birlikdə qeyd edir.
Əlbəttə, bu da insanların kütləvi toplaşmasına gətirib çıxarır. Düşünürəm ki, bu baxımından da Türkiyədə olduğu kimi, Azərbaycanda da bayram günlərində insanların çölə çıxmasına qadağa qoyula bilər.
Bütün bu qadağalar vətəndaşlarımızı qorumağa istiqamətlənib. Düzdür, bu iqtisadiyyata zərbədir ancaq bu gün əsas məqsəd insanlarımızın sağlamlığının qorunmasıdır. Ümid edirəm ki, yaxın 5-10 gün də sərt karantin rejimi özünün müsbət nəticəsini verəcək. İnsanların qaydalara əməl etməsi və məsuliyyətli olması vacibdir”.

