Sosial 

Əhdimizə əməl etmək zamanıdı…

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə  “Cəsur döyüşçü” medalı ilə təltif edilən qazimiz Əhəd Həmidli Şuşa uğrunda  döyüşlərdə ağır yaralanan iki silah yoldaşını döyüş meydanından çıxararkən özü də qolundan və ayağından qəlpə yarası alıb.  Müalicə aldığı hospitalda sağalandan sonra İkinci Fəxri xiyabanda dəfn olunan şəhidlərin məzarlarını  bir-bir ziyarət etməyi əhd eləmişdi. Bugünlərdə qazimiz bu müqəddəs məkanda ziyarətə Azərbaycanın Milli Qəhrəmanı general –mayor Polad Həşimovun məzarından başladı.

Tovuz hadisələrindən sonra könüllü olaraq orduya yazılan Əhəd Həmidli erməni faşistlərinə  qarşı​  Azərbaycan Silahlı Qüvvələrinin apardığı ədalətli Vətən müharibəsində ilk gündən iştirak edib. Ordumuzun cəbhəboyu əks-hücum əməliyyatında  erməni faşistlərinə  sarsıdıcı zərbələr endirməsi və ilk uğurları bütün əsgərlər kimi onun da qələbə əzmini artırırdı.  Əhəd  Bəhrəm oğlu Həmidli  3 il  əvvəl  Tərtər bölgəsində ön cəbhədə hərbi xidmət etmişdi.  Xidmət zamanı qazandığı  təcrübə  döyüşdə  onun  çox karına gəldi. Qatıldığı hərbi  birləşmə  Füzuli şəhərinin azad olunması uğrunda  döyüşlərdə  möhtəşəm qələbə qazandı, sonra Cəbrayıl, Zəngilan, Qubadlı  rayonlarını  işğalçılardan təmizlədi.  Azad olunan torpaqlarımızda dalğalanan üçrəngli  bayrağımız  irəlidə qazanılacaq böyük qələbədən soraq verirdi.  Ali Baş Komandanın  qətiyyətli  çıxışları hər gün, hər an əsgərlərdə  qələbəyə inam,  ümid yaradırdı.

Qarşıda isə Böyük Çin səddi qədər qüdrətli, əzəmətli  məbəd kimi görünən qədim Şuşa  və onu 28 ildən  çox özünün  yırtıcı,  murdar caynağında saxlayan qaniçən erməni faşistləri vardı. Nəhayət, Azərbaycan xalqının və  xilaskar ordumuzun  səbirsizliklə gözlədiyi tarixi  gün yetişdi,  Qarabağın  incisi Şuşa uğrunda  hərbi əməliyyat başladı. İgid  Azərbaycan əsgərləri  peşəkar hərbçilərinin rəhbərliyi altında  Şuşa şəhərini düşməndən azad  etmək üçün mətinliklə döyüşürdülər. Xilaskar ordumuz payızı qızılı don kimi  əyninə geyib  yüksəklikdə  məğrurcasına dayanan şəhərə can atırdılar. Əhəd Həmidlinin ən böyük arzusu Şuşaya qələbə bayrağı sancan və Ali Baş Komandana qələbə raportu  verən Azərbaycan əsgərinin cərgəsində  yer almaq idi. Qanlı – qadalı müharibə isə qara əjdaha kimi əsgərləri bir-bir udurdu. Ən çox  itki verən də erməni-daşnak faşistləri idi. Həlledici döyüşlər zamanı Əhədlə çiyin-çiyinə döyüşən  iki  silahdaşı ağır yaralandı. Onları  döyüş meydanından çıxararkən  özü də yaralanan Əhəd ertəsi gün gözlərini  xəstəxanada açdı.

…Noyabrın 8-i Azərbaycan tarixinə yazılan qürur günümüz olaraq yaddaşlara həkk edildi. Müzəffər Ordumuz Şuşada üçrəngli bayrağımızı dalğalandırdılar.  O gün  Ali Baş Komandan  xalqa  növbəti müraciətində iyirmi səkkiz il yarım işğal altında olan Şuşanın azad edilməsi xəbərini açıqlayanda dedi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

“Cəsur döyüşçü” medalı ilə təltif edilən qazimiz Şuşa uğrunda  döyüşlərdən söz düşəndə  deyir:  “Şuşanın düşmən işğalından azad edilməsi möhtəşəm tarixi qələbəmiz  olmaqla yanaşı, dünya hərb tarixində ən unikal örnəkdir. Şanlı  ordumuzun Şuşa şəhərində həyata keçirdiyi azadetmə əməliyyatı hələ uzun illər dünyanın marağında olacaqdır…”

Nurəddin Muğanlı, “İki sahil”

Daha çox xəbərlər