Sosial 

Döyüş yoldaşları onun qəhrəmanlığından nələr danışdı?

Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əks-hücum həmləsi ilə başlanan II Qarabağ müharibəsi cəmi 44 gün davam etdi, 44-cü günün sonunda qazanan tərəf Azərbaycan Ordusu oldu. 2802 şəhid, minlərlə qazi və digər iştirakçılar isə bu müharibəyə adlarını əbədi olaraq yazdırdı. Döyüş meydanında xüsusi şücaət göstərərək şəhadətə qovuşan qəhrəmanlardan biri də 35 yaşlı kapitan Nəcəf Şikarovdur. 1985-ci ildə Şamaxı rayonunda anadan olan şəhidimiz orta məktəbi bitirdikdən sonra yüksək balla Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunaraq 1999-2002-ci illərdə orada təhsil alıb. 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisasına yiyələnib. 2007-ci ildə Müdafiə Nazirliyi tərəfindən xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilib. II Qarabağ döyüşləri ərəfəsində isə əlahiddə hücum taborunun qərargah rəisi vəzifəsinə təyin edilib.

Noyabrın 2-də ayaq nahiyəsindən yaralanmasına baxmayaraq qəlpələri çıxarılandan dərhal sonra yenidən döyüş mövqeyinə, yoldaşlarının yanına qayıdıb. Noyabrın 9-da, yəni müharibənin sonuncu günü Xocavənd-Laçın istiqamətində düşmənin bir neçə ağır texnikasını məhv edərək, erməni postunu ələ keçirib. Həmin postda təkbaşına düşmən səngərinə girərək üç erməni əsgərini öldürüb və özü də qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

İkinci Fəxri xiyabanda dəfn edilən N.Şikarov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. O, iki azyaşlı qızını uğrunda şəhid olduğu Vətənə əmanət edib.

Nəcəf Şikarovun silahdaşları ilə söhbətləşib onun şücaətini, qəhrəmanlığını sizlərə təqdim edirik.

İki yerindən yaralandı, amma sona kimi döyüşdü

Şəhidin döyüş yoldaşı Toğrul Ümidov bildirir ki, kapitan Şikarovun şücaətini sözlə anlatmaq çətindir: “Onun əsl Azərbaycanlı olmağını, Vətəni necə sevməsini daha yaxşı bilmək üçün orda, cəbhədə olmaq lazım idi. Füzuli, Cəbrayıl və Xocavənddəki müəyyən ərazilərin, yüksəkliklərin alınmasında bir yerdə vuruşmuşuq. O, Xocavənd rayonu ərazisindəki böyük hərbi hissənin alınmasında həqiqətən böyük şücaət göstərdi. Əsl komandir kimi hər zaman öndə gedirdi, əsgərlər də onun arxasınca fəxrlə, qorxmadan irəliləyirdi. O, bizə komandir yox, qardaş olub. Komandir kimi müraciət edəndə, deyirdi ki, mən sizin qardaşınızam, məni adımla, soyadımla çağırın. Fəxr edirəm ki, onun kimi mərd türk oğlu ilə bir yerdə Vətən uğrunda mübarizə aparmışam.

Xocavəndin bir kəndinə girmişdik, qarşıdakı yüksəklikdə erməni səngəri var idi. Onların açdığı atəş nəticəsində qolundan güllə, ayağından isə qəlpə yarası aldı, lakin bununla belə döyüşməyə davam etdi, dedi boş şeydir, narahat olmayın. Bir müddət sonra yanımıza 120-lik minamyot mərmisi atdılar. O anda mən yaralandım, döyüşü davam etdirə bilmədim. Vəziyyətim ağır idi, xəstəxanaya aparıldım”.

Səngərə girərək 3 erməni əsgərini öldürdü və özü də şəhid oldu

Kapitanın digər döyüş yoldaşı Nizami Hüseynli xidmətə Şikarovla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bir yerdə çağırılıblar və oktyabrın 15-də döyüşlərə də birgə başlayıblar: “Biz hərbi hissəyə bir yerdə gələrək oktyabr ayının 15-dən döyüşlərə qatıldıq və son ana kimi bir yerdə olduq. Nəcəf əvvəl bir dəfə yaralanmışdı, lakin sarğı ilə müalicə alaraq yenidən döyüş meydanına gəldi. O, həqiqətən qəhrəman kimi döyüşürdü, onun şücaəti digər döyüş yoldaşlarında da böyük ruh yüksəkliyi yaradırdı. Sonuncu dəfə Xocavənddə yüksəklikdəki postun alınmasında şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldi. Döyüş zamanı təkbaşına səngərə girərək 3 erməni əsgərini öldürdü və özü də şəhid oldu.

Çox xatirələrimiz var Nəcəflə bağlı. Hər zaman istirahət edəndə bizə kofe dəmləyərdi. Çox yaxşı kofe dəmləyirdi, deyirdi ki, çayı saxlayın, kofe içək. Döyüş şəraiti hər zaman çətin olur, yuxusuz gecələr, soyuq hava şəraiti, tanımadığın ərazi, hər tərəf minalar, düşmənin hücum həmləsi və sair. Demək olar ki, gün ərzində bəlkə bir saat dincəlməyə vaxtımız olurdu.  Əsgərlərlə yoldaş kimi davranırdı, deməzdin ki, onların komandiridir”.

Onun cismini çiyinlərimdən yerə qoya bilsəm də, yoxluğunu qoya bilmirəm

Şəhidin atası Şikar Nəcəfov bizimlə söhbətində bildirdi ki, hərbçi olduğu üçün indiyə qədər övladlarını doyunca görə bilməyib: “Mən özüm də hərbçi olmuşam, həyatımın çox hissəsini ya döyüşdə, ya da hərbi hissədə keçirmişəm. Sonra isə Nəcəf hərbi məktəbə daxil oldu, onda da həftədə bir dəfə evə gəlirdi, bir-iki saat görərdim ya görməzdim. Sonra da xidmətə başladı, o zaman ümumiyyətlə, bir-birimizi aylarla görmürdük. Nəcəf atamın adını daşıyır, elə xasiyyəti də onun kimi idi, heç söz götürməzdi. Ailəsi ilə çox mehriban idi, uşaqlarına çox bağlı idi. Mən birinci Qarabağ müharibəsində yaralananda oğlanlarım orta məktəbdə oxuyurdu, sonra ikisi də məktəbi bitirən kimi, hərbiçi peşəsini seçdi. Xidmətə başladığı gündən də daima ön cəbhədə qulluq edib Nəcəf. Mən onlara demişdim ki, 45 kilo çəkim var, vəfat edəndə qəbiristanlığa məni ikiniz apararsınız, amma tərsi oldu, mən övladımı çiynimdə apardım. Bu baxımdan mənim arzumu yerinə yetirə bilmədi. Onun cismini çiyinlərimdən yerə qoya bilsəm də, yoxluğunu qoya bilmirəm (kövrəlir). Dəfn günü anasının 65 yaşı tamam olurdu. O, döyüşə gedəndə mən hiss eləmişdim. Xəbərdən əvvəl özümə yer tapa bilmirdim, ürəyim çox sıxılırdı. Səhər saat beş idi, qızım qapıdan içəri girəndə artıq əmin idim, eyni anda cəbhənin müxtəlif istiqamətlərində döyüşən övladlarımdan biri artıq yox idi. Sadəcə, hansı olduğunu bilmədim, onu da bacısı dedi. Nə deyim, təki Vətən sağ olsun. Allaha şükürlər olsun ki, iki qızı, nişanəsi var”.

Cəbhəyə Biləsuvar Rayon Komissarlığından könüllü olaraq gedən Fuad Əlizadə oktyabrın 17-də döyüşlərə başlayıb. İlk gündən Nəcəf Şikarovla çiyin-çiyinə döyüşən Fuad deyir ki, Füzuli və Xocavənd istiqamətlərində bir sıra ərazilərin düşməndən azad edilməsində iştirak ediblər: “Ermənilərin nəzarətində olan bir yüksəklik var idi. Oranı alanda ayağından yaralandı, lakin dayanmayaraq sona kimi vuruşdu. Sonra gördük ki, yarası ağırdır, qəlpələri çıxarmaq lazım idi. Buna görə də Füzulidə tibb məntəqəsinə yollandı. Gedəndə dedi ki, nə alıb gətirim sizə gələndə, ürəyiniz nə istəyir deyin. Biz də energetik içki istədik. Söz verdi ki, axşam gələcəm və içkiləri də gətirəcəm. Elə bildik yarası ağır olduğu üçün axşam gələ bilməz, axşam olduqda gördük ki, gəldi, özü də birbaşa səngərə, suları da almağı yaddan çıxarmamışdı. Çox sevindik. Şəhid olduqda da çox pis olduq. Çünki o bizə çox böyük dəstək verirdi, qorxu nə idi bilmirdi. Allahu Əkbər deyib gözüyumulu düşmən üzərinə gedirdi”.

Biz hər zaman onunla qurür duyacağıq

Şəhidin Vətənə əmanət etdiyi iki azyaşlı qızından böyüyü olan Zinyət deyir ki, atası şəhid olaraq ona böyük zirvə, qürurla daşıyacağı soyad verib: “Atam şəhid olsa da, mənə böyük bir zirvə verdi, biz hər zaman onunla qürur duyacağıq.” Balaca Zəhra isə deyir ki, o da atasını çox istəyirdi: “Hər gecə yanında yatırdım, işdən gələndə qucaqlayırdım, öpürdüm. Atamla fəxr edirəm”.

Taleh Bağırov, “İki sahil”

Daha çox xəbərlər