İnternatda böyüyən qəhrəmanımız məşhur FOTOLARından DANIŞDI
Vətən uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizin sırasında Maştağa 1 №-li İnternat evində böyüyən və internat evinin adını işğaldan azad olunan torpaqlarımızda divara yazan, həmçinin sosial şəbəkələrdə əsgərlərin “yorğan-döşəkdə” yerdə yatdığını bircə foto ilə gözümüzdə əbədiləşdirən könüllü əsgər Elçin Əhmədovun da adı var.
Elçin cəhbə bölgəsində yaşadıqlarını Sonxeber.az-la bölüşüb:
“Müharibə başlayan vaxtdan könüllü olaraq döyüşə yazıldım. Məni hərbi komissarlıqdan öz internat yoldaşlarım yola saldı. Dostlarım xahiş etdilər ki, bizim internatın adını oralarda bir yerə yazım. Elə oldu ki, mən digər əsgərlərin sırasına Hadrut istiqamətində qoşuldum. Həmin vaxt torpaqlarımız artıq işğaldan azad olunmaq üzrə idi. Hadrut qaytarılandan sonra hərə böyüyüb başa çatdığı yerin adını divarlara yazırdı. Mən də “Maştağa 1 №-li İnternat” yazısını yazdım ki, məndən və internatda birgə böyüdüyüm uşaqlarımızın adından xatirə qalsın. Mənim hazırda 33 yaşım var.
Valideynlərim avtoqəza nəticəsində vəfat edib. Bizdə bir internat uşağı şəhid oldu. Mənə ən çox təsir edən onun ölümü oldu. O bizdən aşağı sinifdə oxuyurdu. Adı və soyadı Salayev Nicat idi. Döyüşdən qayıdan kimi ilk olaraq onun qəbrini ziyarət etdim. Onu özümə doğma bilirdim. İnternat uşaqlarının bir-birindən başqa kimsəsi olmur. Həmişə özümüz bir-birimizə dayaq olmuşuq, hamıdan yaxşı başa düşmüşük. Nicatın təkcə anası var idi, onun da ruhi problemləri olub.
Nicat internatı bitirəndən sonra anasını tapıb gətirərək ona baxırdı. Axırıncı dəfə Şuşa istiqmətində idik. Onlar bizim qrupla yerdəyişmə edərək Şuşa istiqamətində qalxdılar. Nicat Şuşa türməsində olanda onunla əlaqə saxlayıb hal-əhvalın soruşdum. O mənə Şuşa türməsinin yaxşı vəziyyətdə olmadığını dedi. Dedi ki, buranı səliqə-səhmana salırıq. Sabahısı gün eşitdim ki, Nicat minaya düşüb, şəhid olub. Özümü bağışlaya bilmirdim.
Elçin sosial şəbəkələrdə yayılan digər fotoya da münasibət bildirib:
“Biz hər dəfə yorğan-döşəkdə yatmırdıq. Çadırlar həmin gün yox idi deyə elə yatmışdıq. Sonrakı günlərdə çadırlarımızı quraşdırdıq”.













